Putin: Ermənistanın Aİ-yə üzvlük istəyi qanuni hüququdur, lakin bu, ölkənin Aİİ-dən çıxması anlamına gələcək - YENİLƏNİB

Putin: Ermənistanın Aİ-yə üzvlük istəyi qanuni hüququdur, lakin bu, ölkənin Aİİ-dən çıxması anlamına gələcək - YENİLƏNİB

Tarix: 01 Sep 2026 21:25

Rusiya prezidenti Vladimir Putin ŞƏT sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. APA-nın Moskva müxbiri xəbər verir ki, görüşdə əsas müzakirə mövzuları Rusiya-Ermənistan münasibətlərinin daha da inkişaf etdirilməsi və İrəvanın Avropa İttifaqı ilə yaxınlaşma kursu olub.

Rusiya prezidenti Moskvanın Ermənistanla strateji tərəfdaşlıq və müttəfiqliyə əsaslanan dostluq, qarşılıqlı faydalı münasibətlərin qorunmasını dəstəklədiyini vurğulayıb. Bununla yanaşı, Putin Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirakı ilə Aİ üzvlüyünə doğru irəliləməsinin bir-biri ilə uyğun gəlmədiyini bildirib.

Görüşün əvvəlində Vladimir Putin qeyd edib ki, Rusiya həmişə Ermənistanla münasibətlərin inkişafını dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Onun sözlərinə görə, bu, hər iki xalqın fundamental maraqlarına uyğundur və digər məsələlərlə yanaşı, iki ölkə arasındakı dərin tarixi əlaqələrə əsaslanır.

Putin qeyd edib ki, Rusiya təxminən 30 faizlik payla Ermənistanın əsas ticarət-iqtisadi tərəfdaşı və ölkə iqtisadiyyatına ən böyük investor olaraq qalır. Təkcə 2026-cı ilin birinci yarısında iki ölkə arasında ticarət dövriyyəsi 2,5 milyard dollar təşkil edib.

Onun sözlərinə görə, iki ölkə arasında sənaye, kənd təsərrüfatı, mədənçilik, dinc nüvə enerjisi, nəqliyyat və rəqəmsal iqtisadiyyat sahələrində birgə layihələr həyata keçirilir. Rusiya müəssisələri Ermənistanın ən böyük vergi ödəyiciləri arasındadır, iş yerləri yaradır, müasir texnologiyaların ötürülməsini təmin edir və ölkənin enerji təhlükəsizliyinə töhfə verir.

Putin xüsusilə İrəvanın Avropa İttifaqına doğru irəliləmək niyyətinə toxunub. Rusiya lideri xatırladıb ki, bu məsələni Paşinyanla həm şəxsən, həm də telefon danışıqları zamanı dəfələrlə müzakirə edib.

Rusiya prezidenti vurğulayıb ki, Moskva Ermənistanın və erməni xalqının ölkənin gələcək yolunu müstəqil şəkildə müəyyən etmək suveren hüququnu tanıyır. Lakin onun sözlərinə görə, Aİ üzvlüyünə doğru irəliləmək Ermənistanın Aİİ-yə üzvlüyü üçün qaçılmaz olaraq müəyyən fəsadlar yarada bilər.

Putin bildirib ki, bu, Ermənistanın hazırda ümumi Avrasiya bazarında əldə etdiyi üstünlükləri itirməsinə, eləcə də mövcud ticarət zəncirlərinin pozulmasına səbəb ola bilər.

Rusiya prezidenti konkret iqtisadi göstəricilərə də istinad edib. O vurğulayıb ki, Rusiya statistikasına görə, Ermənistanın Avrasiya inteqrasiyasında iştirak etdiyi on ildən artıq müddətdə ölkənin ÜDM-i təxminən üç dəfə artıb. Belə ki, ÜDM 2015-ci ildəki 10,6 milyard dollardan 2025-ci ilin sonuna qədər 29,2 milyard dollara yüksəlib.

Bu dövrdə Ermənistanın Aİİ ölkələrinə ixracı isə on dəfə artıb. Hazırda Aİİ bazarı Ermənistanın ümumi xarici ticarət dövriyyəsinin təxminən 36 faizini təşkil edir.

Buna görə də Rusiya prezidenti hesab edir ki, erməni xalqı gələcək siyasi və iqtisadi kursla bağlı mövqeyini açıq şəkildə ifadə etməlidir.

“Ermənistan xalqının etdiyi hər hansı seçimə hörmətlə yanaşacağıq. Ermənistan nə qərar verirsə, elə də olacaq”, - deyə Vladimir Putin vurğulayıb.

Eyni zamanda, Putin bildirib ki, İrəvan kursunu dəyişərsə, Moskva da öz ticarət-iqtisadi siyasətini buna uyğun tənzimləməli olacaq. Buna görə də Rusiya tərəfi Ermənistanın gələcək istiqamətini mümkün qədər tez müəyyən etməsində maraqlıdır.

Putin xatırladıb ki, Paşinyan əvvəllər Avropa İttifaqı ilə yaxınlaşma ilə bağlı referendum keçirilməsinin zəruriliyi barədə açıq şəkildə danışıb. Rusiya prezidenti daha sonra Aİİ liderlərinin son zirvə görüşündə bu mövqeyi dəstəklədiyini və həmkarlarını Ermənistan baş nazirinin bu məsələ ilə bağlı ictimaiyyətə müraciət etmək niyyətini anlamağa çağırdığını bildirib.

Putinin sözlərinə görə, Ermənistanın gələcək istiqaməti ilə bağlı nə qədər tez aydınlıq yaranarsa, Moskvanın İrəvanla iqtisadi münasibətləri daha da inkişaf etdirmək üçün hansı prinsipləri əsas götürməli olduğunu müəyyənləşdirməsi bir o qədər asan olacaq. Fərid Əkbərov *** 21:18 Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Avropa İttifaqına üzvlük istəyinin ölkənin qanuni hüququ olduğunu, lakin bunun Avrasiya İqtisadi İttifaqı çərçivəsində öhdəliklərlə bağlı müəyyən çətinliklər yarada biləcəyini bildirib.

APA xəbər verir ki, Putin bu barədə sentyabrın 1-də Bişkekdə ŞƏT sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə danışıb. O qeyd edib ki, Ermənistan başqa bir təşkilata üzvlüklə bağlı prosedura başlamaq haqqında qanun qəbul edərsə, bu, ölkənin Aİİ-dən çıxması anlamına gələcək.

Rusiya lideri Ermənistanın Aİ-yə üzvlüyü məsələsinin referendum yolu ilə xalqın iradəsinə çıxarılmasını da təklif edib. Putin bildirib ki, İrəvan Avropaya inteqrasiya məsələsində nə qədər tez qərar versə, Moskva üçün də gələcək münasibətlərin necə qurulacağını müəyyənləşdirmək bir o qədər asan olacaq.

Onun sözlərinə görə, Rusiya Ermənistanın əsas ticarət-iqtisadi tərəfdaşı olaraq qalır. 2026-cı ilin əvvəlindən iki ölkə arasında ticarət dövriyyəsi 2,5 milyard dollara çatıb. Putin həmçinin Ermənistanın Aİİ-yə üzvlüyü dövründə ölkənin ÜDM-nin üç dəfə, ittifaq ölkələrinə ixracının isə on dəfə artdığını bildirib.

Putin paşinyan

Mənbə: apa.az

Xəbər Lenti