- , 22 Dekabr, 2024
Tarix: 06.06.2024 19:03
Azərbaycan Milli İncəsənət Muzeyində “1920-1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası” adlı yeni ekspozisiyanın açılış mərasimi keçirilib.
Mədəniyyət Nazirliyindən APA-ya verilən xəbərə görə, sərginin açılışında mədəniyyət naziri Adil Kərimli, Milli Məclisinin üzvləri, xarici ölkələrin ölkəmizdəki səfirləri, tanınmış ictimai və mədəniyyət xadimləri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov və Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova təqdim olunan ekspozisiyada 1920-1980-ci illərdə Azərbaycan rəngkarlığı və qrafika sənətlərinin keçdiyi inkişaf yolunun burada əsərləri sərgilənən görkəmli sənətkarların özünəməxsus yaradıcılıq dünyası vasitəsilə dolğun şəkildə işıqlandırıldığını söylədilər. Daha sonra tədbir iştirakçıları ekspozisiya ilə yaxından tanış olublar.
Qeyd edək ki, ekspozisiyada ümumilikdə 157 ədəd rəngkarlıq, qrafika, heykəltəraşlıq və keramika nümunələri təqdim edilir. 1920-1940-cı illər rəssamlıq nəslinin görkəmli nümayəndələri Salam Salamzadə, Rüstəm Mustafayev, Ələkbər Rzaquliyev, Əli Rasim Muxtarov, Reyhan Topçubaşova, Qəzənfər Xalıqov, Sadıq Şərifzadə, Davud Kazımov kimi rəssamların yaradıcılığı rəngkarlıq ekspozisiyasının ilk zalında nümayiş etdirilir. Daha sonrakı mərhələlər isə mövzu və üslub müxtəlifliyi ilə seçilən ayrı-ayrı tanınmış Azərbaycan rəssamlarının – Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Xalidə Səfərova, Kamil Xanlarov, Toğrul Nərimanbəyov, Nadir Əbdürrəhmanov, Böyükağa Mirzəzadə, Tahir Salahovun yaradıcılığı ilə təmsil olunur. Burada, həmçinin ekspozisiya mövzuları ilə səsləşən, müəllifləri görkəmli heykəltəraşlar Mirəli Mirqasımov, Ömər Eldarov, Həyat Abdullayeva, Elmira Hüseynova, Xanlar Əhmədov olan əsərlər yer alır.
1920-1980-ci illər Azərbaycan qrafikası ekspozisiyasını isə milli qrafika sənətinin formalaşmasına böyük töhfələr vermiş Bəhruz Kəngərli, Əzim Əzimzadə, Ələkbər Rzaquliyev, Elmira Şahtaxtinskaya, Mikayıl Abdullayev, Sənan Qurbanov kimi özünəməxsus dəst-xəttə malik rəssamların müxtəlif janr və texnikalarda yaratdıqları silsilə əsərlər təşkil edir. Maraqlı məqamlardan biri ekspozisiyada Azərbaycan dəzgah boyakarlığının banisi Bəhruz Kəngərlinin rəsm albomunun və yaratdığı natürmort əsərində əksini tapmış mürəkkəbqabının ilk dəfə nümayiş olunmasıdır. Ekspozisiyada XX əsrin müxtəlif onilliklərində ərsəyə gəlmiş, qrafik əsərlərlə həmahənglik yaradan, Yelena Orbeliani, Zivər Məmmədova, Həyat Abdullayeva, Rasim Xələfov, Telman Zeynalov, Oqtay Şıxəliyev, Liya Ağamalova, Həsənağa Ələsgərov, Saleh Məmmədov kimi tanınmış müəlliflər tərəfindən işlənilmiş keramik fiqurlar və dekorativ boşqablar da sərgilənir.
Ekspozisiya interaktiv xarakter daşıyır. Hər bir zalda tamaşaçılar QR kod vasitəsilə aid olduqları yaş qrupunu qeyd edib bəyəndikləri əsərə səs verə bilərlər.