- Çərşənbə axşamı, 24 Dekabr, 2024
Tarix: 12.06.2024 12:09
Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən, Gəncə Şəhidlər xiyabanında 31 il əvvəl naməlum şəhid kimi dəfn edilmiş, kimliyi bir qədər əvvəl müəyyənləşdirilən Məmmədov Hafiz Qədim oğlunun məzarı abadlaşdırılıb.
APA-nın yerli bürosunun məlumatına görə, bu gün Gəncə Şəhidlər xiyabanında bununla bağlı tədbir keçirilib. Mərasimdə şəhidin ailə üzvləri, Kəlbəcər rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, qazilər, Gəncə və Kəlbəcər ictimayətinin nümayəndələri iştirak edib.
Qeyd edək ki, Məmmədov Hafiz Qədim oğlu 1971-ci ildə Kəlbəcər rayonunda anadan olub.
İnşaat Mühəndisləri Universitetinin 5-ci kursunda təhsilini yarımçıq saxlayaraq 1992-ci ilin noyabr ayında hərbi təhsil almaq üçün Türkiyə Cümhuriyyətinə gedib. Leytenant Hafiz Məmmədov daha sonra cəbhəyə yollanıb.
1993-cü il aprelin 4-dən 5-nə keçən gecə Murovdağ yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşüb.
Onun Gəncədəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.