Cümə axşamı, 24 Sentyabr, 2026
Tarix: 24 Sep 2026 17:28
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Vinsent və Qrenadinin xarici işlər, xarici ticarət, xarici investisiyalar və diaspor məsələləri naziri Dvayt Fitscerald Bramblla görüşüb.
APA xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.
Görüşdə Azərbaycan ilə Sent-Vinsent və Qrenadin arasında münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər siyasi dialoqun intensivləşdirilməsinin, qarşılıqlı təmasların və səfərlərin artırılmasının, eləcə də ikitərəfli əlaqələrin institusional əsaslarının gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Görüşdə BMT və Qoşulmama Hərəkatı çərçivəsində çoxtərəfli əməkdaşlığın və qarşılıqlı dəstəyin daha da möhkəmləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Müzakirələrin nəticəsi olaraq Azərbaycan Xarici İşlər Nazirliyi ilə Sent-Vinsent və Qrenadinin Xarici İşlər, Xarici Ticarət, Xarici İnvestisiyalar və Diaspor Məsələləri Nazirliyi arasında siyasi məsləhətləşmələr üzrə Protokol imzalanıb.
Bildirilib ki, sənəd iki ölkənin müvafiq qurumları arasında institusional əlaqələri gücləndirəcək, müntəzəm diplomatik təmasların inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişlənməsinə imkan yaradacaq.
Firuzə Vahid Xarici İşlər Nazirliyi XİN Ceyhun Bayramov


Mənbə: apa.az