Cümə, 25 Sentyabr, 2026
Tarix: 25 Sep 2026 18:05
Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Gürcüstan Parlamentinin sədr müavini Nino Tsilosaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Görüşdə Sahibə Qafarova Azərbaycan ilə Gürcüstan arasında tarixən mövcud olan dostluq və mehriban qonşuluq münasibətlərinin bu gün qarşılıqlı etimada və strateji tərəfdaşlığa əsaslanaraq uğurla inkişaf etdiyini bildirib.
Bildirilib ki, Azərbaycan və Gürcüstan liderləri tərəfindən ikitərəfli əlaqələrin strateji əhəmiyyəti daim vurğulanır. Bu baxımdan, ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin inkişafında mühüm rol oynadığı qeyd olunub. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Gürcüstana son dövlət səfərinin regional əməkdaşlıq baxımından əhəmiyyətli siyasi mesajlar daşıdığı və Azərbaycan–Gürcüstan dostluq və qardaşlığının regionda əməkdaşlığın daha da gücləndirilməsinə xidmət etdiyi bildirilib.
Nino Tsilosani Azərbaycanın Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkürünü ifadə edib. Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən Gürcüstanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma seçkilərlə bağlı səsləndirilmiş bəyanatın yüksək qiymətləndirildiyi, bu mövqenin mühüm siyasi mesaj olduğu vurğulanıb.
Parlamentlərarası əlaqələrin Azərbaycan–Gürcüstan münasibətlərinin mühüm istiqamətlərindən biri olduğu bildirilib. Gürcüstan Parlamentinin “Şərəf” medalının Milli Məclisin sədri Sahibə Qafarovaya təqdim olunmasının parlamentlərarası əlaqələrin yüksək səviyyəsinin göstəricisi olduğu qeyd edilib.
Firuzə Vahid Sahubə Qafarova Nino Tsilosani Gürcüstan
Mənbə: apa.az