Şənbə, 26 Sentyabr, 2026
Tarix: 26 Sep 2026 09:27
Azərbaycan ərazisinin 96 faizi qazlaşdırılıb.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib. Prezident bildirib ki, ölkədə qazlaşdırmanın səviyyəsi ən yüksək göstəricilərdən biridir. “Azərbaycan ərazisinin 96 faizi qazlaşdırılıb. Ölkə əhalisinin 100 faizi elektrik enerjisi və genişzolaqlı internetlə təmin olunub. Eyni zamanda, biz elektrik enerjisi ixrac edirik”, – dövlət başçısı vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, daxili tələbat baxımından, demək olar, bütün işlər görülüb və əlavə layihələrə o qədər də ehtiyac olmaya bilər. “Dəmir yolu infrastrukturu ilə bağlı işlər də demək olar ki, başa çatıb. Doqquz beynəlxalq hava limanımız və dəniz limanlarımız var. Beləliklə, daxili infrastruktura gəldikdə, vəziyyətimiz yaxşıdır”, – Prezident deyib. Dövlət başçısı bildirib ki, çoxmillətli maraqlara xidmət edən infrastruktur daha cəlbedici ola bilər. Onun sözlərinə görə, burada, ilk növbədə, nəqliyyat, logistika, fiziki infrastruktur, eləcə də inzibati və rəqəmsal infrastruktur nəzərdə tutulur. “Biz çoxlu körpülər, estakadalar və gəmilər inşa edə bilərik. Lakin rəqəmsallaşma və gömrük prosedurları ilə bağlı müasir tendensiyaları lazımi qaydada nəzərə almasaq, yüklərin emalı prosesini asanlaşdırmasaq və sürətləndirməsək, rəqabətdə uduzacağıq”, – Prezident İlham Əliyev vurğulayıb. Prezident elektrik enerjisinin ötürülməsi xətlərinin digər mühüm istiqamət olduğunu bildirib. O qeyd edib ki, bu sahədə böyük potensial mövcuddur. “Bu gün yalnız Azərbaycan enerji mənbəyi deyil. İki ildən az müddət əvvəl Özbəkistan və Qazaxıstanla Xəzər dənizinin dibi ilə sualtı elektrik kabelinin çəkilməsi haqqında saziş imzalamışıq. Məqsəd Mərkəzi Asiyanı Azərbaycanla, daha sonra isə elektrik enerjisi vasitəsilə Avropa ilə birləşdirməkdir”, – dövlət başçısı deyib. Prezident İlham Əliyev bildirib ki, bu layihənin həyata keçirilməsi üçün böyük həcmdə maliyyə vəsaiti tələb olunacaq. Prezident digər mühüm layihənin artıq texniki-iqtisadi əsaslandırma mərhələsində olan Qara dəniz sualtı elektrik kabeli olduğunu qeyd edib. “Bu kabel də Azərbaycandan Gürcüstana, oradan isə Rumıniyaya uzanacaq. Söhbət Avropanın enerji bazarına istiqamətlənən 4 giqavat gücündə layihədən gedir”, – dövlət başçısı vurğulayıb. Prezident İlham Əliyev enerji saxlama sistemlərinə də ehtiyac olduğunu bildirib. “Bütün bunlar yalnız bizim üçün deyil, daha geniş beynəlxalq əməkdaşlıq üçün də lazımdır. Düşünürəm ki, əsas maraq doğuran sahələr məhz bunlar olacaq”, – Prezident əlavə edib.
Faiq MahmudovMənbə: apa.az