“Azərbaycan Kredit Bankı” ASC-nin ləğv prosesi başa çatıb

“Azərbaycan Kredit Bankı” ASC-nin ləğv prosesi başa çatıb

Tarix: 28 Sep 2026 14:55

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) tərəfindən ləğvetməsi həyata keçirilən “Azərbaycan Kredit Bankı” ASC-nin ləğv prosesi yekunlaşıb.

“APA-Economics” xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Bildirilib ki, bankın ləğvinin başa çatdırılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş hüquqi prosedurlar tamamlanıb və ləğvetmə prosesi yekunlaşdırılıb.

Qeyd edək ki, “Azərbaycan Kredit Bankı” ASC 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 iyul 2015-ci il tarixli qərarı ilə məcburi ləğv edilib. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 fevral 2019-cu il tarixli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin olunub.

Fondun məlumatına görə, ləğvedici təyin edildikdən sonra bankın öhdəliklərinin icrasının təmin edilməsi istiqamətində qanunvericiliklə müəyyən edilmiş tədbirlər həyata keçirilib və nəticədə bütün öhdəliklərin icrası tam təmin olunub.

ƏSF tərəfindən bankın ləğv prosesinin yekunlaşdırılması və Fondun ləğvedici qismində fəaliyyətinə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilib.

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 19 avqust 2026-cı il tarixli qərarı ilə Fondun ərizəsi təmin olunub, “Azərbaycan Kredit Bankı” ASC-nin ləğv prosesi yekunlaşdırılıb və ƏSF-nin ləğvedici qismində fəaliyyətinə xitam verilib.

Xatırladaq ki, hazırda Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində 21 bank var. Fond həmin bankların da ləğv prosesinin kreditorların maraqlarına uyğun şəkildə mümkün qədər qısa müddətdə başa çatdırılması üçün zəruri tədbirləri həyata keçirir.

Rahim Tarıverdiyev Azərbaycan Kredit Bankı ƏSF ADİF ləğv prosesi bank

Mənbə: apa.az

Xəbər Lenti