Bakı–Ələt–Böyük Kəsik dəmir yolunun modernləşdirilməsi üçün 260 mln. dollarlıq layihə nəzərdə tutulur

Bakı–Ələt–Böyük Kəsik dəmir yolunun modernləşdirilməsi üçün 260 mln. dollarlıq layihə nəzərdə tutulur

Tarix: 28 Sep 2026 18:29

Dünya Bankı Azərbaycanın Trans-Xəzər Nəqliyyat Dəhlizində (TCTC) əsas nəqliyyat xətlərindən biri olan Bakı–Ələt–Böyük Kəsik dəmir yolunun modernləşdirilməsini prioritet investisiya layihələrindən biri kimi göstərib.

"APA-Economics" xəbər verir ki, bu barədə Dünya Bankının “Integration: World-Class Trade Logistics Along the Trans-Caspian Transport Corridor” hesabatında qeyd olunub.

Hesabatda bildirilib ki, Trans-Xəzər Nəqliyyat Dəhlizinin inkişafı üçün Azərbaycan üzrə müəyyən edilən əsas investisiya istiqamətlərindən biri Bakı–Ələt–Böyük Kəsik dəmir yolu xəttinin modernləşdirilməsidir.

Layihənin ümumi investisiya ehtiyacı 260 milyon ABŞ dolları qiymətləndirilir.

Dünya Bankının məlumatına görə, layihə çərçivəsində dəmir yolu xəttinin elektrikləşdirmə sisteminin və siqnalizasiya infrastrukturunun yenilənməsi nəzərdə tutulur.

Layihənin məqsədi Azərbaycanın əsas dəmir yolu xəttinin Trans-Xəzər Nəqliyyat Dəhlizinin artan yük axınlarına uyğunlaşdırılması və dəhlizin fəaliyyət imkanlarının genişləndirilməsidir.

Hesabatda Bakı–Ələt–Böyük Kəsik xəttinin modernləşdirilməsi 2030-cu ilədək həyata keçirilməsi nəzərdə tutulan qısamüddətli prioritet layihələr sırasında göstərilir.

Dünya Bankı qeyd edir ki, Trans-Xəzər Dəhlizinin inkişafı üçün dəmir yolu, avtomobil yolları, dəniz limanları, sərhəd-keçid məntəqələri və logistika infrastrukturuna investisiyalar tələb olunur.

Hesabatda vurğulanır ki, dəhlizin rəqabət qabiliyyətinin artırılması üçün yalnız fiziki infrastrukturun yenilənməsi kifayət deyil. Bununla yanaşı, sərhədlərarası əməkdaşlığın, ticarətin asanlaşdırılması mexanizmlərinin və xidmətlərin təkmilləşdirilməsi də vacib hesab olunur.

Rahim Tarıverdiyev Bakı–Ələt–Böyük Kəsik dəmir yolu Dünya Bankı

Mənbə: apa.az

Xəbər Lenti