Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər

Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər

Tarix: 28 Sep 2026 17:59

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM), yaxud Orta Dəhlizin tam potensialının reallaşdırılması Azərbaycanın iqtisadi artımına əlavə töhfə verə bilər.

"APA-Economics" xəbər verir ki, Dünya Bankının “İnteqrasiya: Transxəzər nəqliyyat marşrutu boyu yüksək səviyyəli ticarət logistikası” adlı hesabatına əsasən, Orta Dəhlizin imkanlarından tam istifadə Azərbaycan üçün ÜDM-in əlavə olaraq 1,84% artımını təmin edə bilər.

Bu artım cari qiymətlərlə təxminən 1,3 mlrd. ABŞ dolları həcmində qiymətləndirilir.

Hesabatda qeyd olunur ki, Orta Dəhlizin inkişafı Azərbaycanda ümumi məşğulluğun da 1,5% artmasına imkan yarada bilər.

Dünya Bankının qiymətləndirməsinə görə, Azərbaycanda iqtisadi artıma əsas töhfəni tranzit yükdaşımalarından əldə olunan gəlirlərin artması, liman və dəmir yolu sektorlarında fəallığın genişlənməsi, həmçinin Mərkəzi Asiya və Avropa ölkələri ilə ticarət əlaqələrinin dərinləşməsi verəcək.

Bankın analitikləri bildirirlər ki, bu potensiala nail olmaq üçün Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı ilə yanaşı, gömrük prosedurlarının sürətləndirilməsi, rəqəmsal həllərin tətbiqi və dövlət nəqliyyat şirkətlərində islahatların davam etdirilməsi vacibdir.

Hesabata əsasən, Orta Dəhlizin inkişafı uzunmüddətli perspektivdə marşrut üzrə iştirakçı ölkələrin ümumi ÜDM-ni 3,3%, yaxud cari qiymətlərlə təxminən 58 mlrd. ABŞ dolları artıra bilər. Bu ölkələrdə ümumi məşğulluğun isə 2,9% yüksələcəyi proqnozlaşdırılır.

Dünya Bankının hesablamalarına görə, Azərbaycan üzrə əlavə iqtisadi artımın digər ssenaridə 326 mln ABŞ dolları və ya ÜDM-in 0,43%-i səviyyəsində olacağı gözlənilir. Hesabatda qeyd edilir ki, nisbi baxımdan ən böyük iqtisadi faydanı dənizə çıxışı olmayan kiçik iqtisadiyyatlar, o cümlədən Qırğızıstan və Gürcüstan əldə edə bilər.

Dünya Bankı vurğulayır ki, Orta Dəhlizin tam potensialının reallaşdırılması yalnız infrastruktur investisiyaları ilə məhdudlaşmır. Bunun üçün logistika sistemlərinin rəqəmsallaşdırılması, sərhəd prosedurlarının təkmilləşdirilməsi və institusional islahatların həyata keçirilməsi də tələb olunur.

Rahim Tarıverdiyev Dünya Bankı Orta Dəhliz Azərbaycan ÜDM

Mənbə: apa.az

Xəbər Lenti