Sumqayıtda məktəbdə zəhərlənən 21 nəfər evə buraxılıb - YENİLƏNİB-4

Sumqayıtda məktəbdə zəhərlənən 21 nəfər evə buraxılıb - YENİLƏNİB-4

Tarix: 02 Oct 2026 15:33

Bu gün saat 10:20 radələrindən başlayaraq 21 nəfər (17 kişi cinsli, 4 qadın cinsli) zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***

12:12

Sumqayıtdakı məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 10:20 radələrindən başlayaraq 21 nəfər (17 kişi cinsli, 4 qadın cinsli) zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.

***

12:03

İlkin araşdırmalara görə Sumqayıtda şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Qeyd olunub ki, Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbində qeydə alınan zəhərlənmə hadisəsini dərhal nəzarətə götürərək araşdırmalara başlayıb:

"Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər görülür. Aparılan ilkin araşdırmaların nəticələrinə görə, hadisəyə məktəbdə şagirdlərdən birinin təhsil müəssisəsinə gətirdiyi, istifadə müddəti bitmiş (vaxtı keçmiş) şirniyyat məhsulu səbəb olub. Araşdırmalar davam edir. Görülən tədbirlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək".

***

11.49

Bu gün Sumqayıt şəhər 36 nömrəli tam orta ümumtəhsil məktəbində dərs prosesi zamanı bir qrup şagird özünü pis hiss edib. Məsələ dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb, şagirdlər müvafiq tibb müəssisəsinə yönləndiriliblər.

Bu barədə APA-ya Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib. Məlumata görə, ilkin ehtimallara əsasən, şagirdlərdən biri tərəfindən evdən gətirilmiş qənnadı məmulatından sinif yoldaşlarının da istifadə etdiyi müəyyən edilib. Həmin qidadan istifadə etdikdən sonra məktəblilər özlərini pis hiss ediblər. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır.

***

11.34

Sumqayıtda məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir.

Bu barədə APA-ya Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.

"Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırma aparılır. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər görülür. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək", məlumatda deyilir.

***

11.24

Sumqayıtda məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə baş verib.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 10:20 radələrində 14 nəfər (11 kişi cinsli, 3 qadın cinsli) zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Qeyd olunub ki, zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.

Gülcahan İmanqızı məktəb zəhərlənmə
Sumqayıtda məktəbdə zəhərlənən 21 nəfər evə buraxılıb - YENİLƏNİB-4
Sumqayıtda məktəbdə zəhərlənən 21 nəfər evə buraxılıb - YENİLƏNİB-4
Sumqayıtda məktəbdə zəhərlənən 21 nəfər evə buraxılıb - YENİLƏNİB-4

Mənbə: apa.az

Xəbər Lenti