Ağstafada şadlıq sarayında zəhərlənənlərin durumu açıqlanıb

Tarix: 23.06.2024 14:01

İyunun 22-də saat 19:07-dən başlayaraq zəhərlənmə şübhəsi ilə 46 nəfər (12 kişi cinsli, 28 qadın cinsli, 6 uşaq olmaqla) Ağstafa Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, hər birinə zəruri tibbi xidmət göstərilib. Onlardan 18 nəfəri evə buraxılıb, 28 nəfərin müalicəsi davam edir, vəziyyətləri qənaətbəxşdir.

Xatırladaq ki, dünən Ağstafada "İnci" şadlıq sarayında keçirlilən toy məclisində kütləvi zəhərlənmə qeydə alınıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, Ağstafa rayonu Aşağı Göycəli kənd sakini Piriyev Məkan Rafiq oğlunun təşkil etdiyi toy mərasimində məişət (ev) şəraitində müvafiq temperatur rejiminə riayət edilmədən hazırlanan müxtəlif qidalar şadlıq sarayında istehlaka təqdim olunub. Həmin qidalardan nümunələr götürülərək laborator analizlərə cəlb edilib.

Xəbər Lenti