- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 24.06.2024 10:13
Bu gün dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir, ölkəmiz də qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmayıb.
APA xəbər verir ki, bunu Baş Prokuror Xankəndi şəhərində keçirilən “Ətraf Mühitinin Gücləndirilməsində Maarifləndirmə və Hüquq Mühafizə Tədbirlərinin rolu” mövzusunda" Elmi-Praktiki Konfrans zamanı deyib. Baş Prokuror bildirib ki, kənd təsərrüfatı, su resursları, enerji, meşə, turizm, səhiyyə sektoru və sahilyanı zonaları Azərbaycanda iqlim dəyişikliyinə həssasdır: "Bu problemə qarşı mübarizədə diqqətin artması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 25 dekabr 2023-cü il tarixdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir. Digər tərəfdən dövlət başçımızın 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi bütün il ərzində bu sahədə fəaliyyətimizi genişləndirəcəyimizdən və ətraf mühitin qorunması istiqamətində görüləcək işlərin xeyli dərəcədə intensivləşəcəyindən xəbər verir".