Fərid Quliyev: Strateji layihələrin banklar üçün maliyyələşdirilə bilən olması üçün aydın biznes modeli lazımdır

Fərid Quliyev: Strateji layihələrin banklar üçün maliyyələşdirilə bilən olması üçün aydın biznes modeli lazımdır

Tarix: 06 Oct 2026 10:50

Orta Dəhlizin strateji əhəmiyyəti getdikcə artır. Təkcə bu ilin ilk səkkiz ayında dəhliz boyunca konteyner daşımalarının həcmi 58% artıb.

“APA-Economics” xəbər verir ki, bu barədə “Azər Türk Bank”ın İdarə Heyəti sədrinin müavini, Baş kommersiya direktoru Fərid Quliyev “Alman- Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı 2026” tədbirində çıxışı zamanı bildirib.

O xatırladıb ki, bir neçə həftə əvvəl Avropa İttifaqı 2030-cu ilədək ticarət axınlarını üç dəfə artırmaq məqsədilə Orta Dəhlizə 10 milyard avroyadək dövlət və özəl investisiyanın səfərbər edilməsi planlarını açıqladı: “Lakin Orta Dəhlizin bütün potensialını reallaşdırmaq üçün yalnız nəqliyyat marşrutlarının inkişaf etdirilməsi kifayət etməyəcək. Müasir infrastruktur, etibarlı enerji təchizatı, rəqəmsal həllər və uzunmüddətli maliyyələşməyə çıxış paralel şəkildə inkişaf etdirilməlidir. Bu baxımdan bank sektorunun mühüm rolu var.

Banklar strateji prioritetləri özəl və beynəlxalq kapitalla əlaqələndirə bilərlər. Onlar həmçinin layihələrin maliyyə strukturunun formalaşdırılmasına və risklərin düzgün qiymətləndirilməsinə dəstək göstərə bilərlər”.

Fərid Quliyev qeyd edib ki, layihənin strateji əhəmiyyət daşıması onun avtomatik olaraq bank üçün maliyyələşdirilə bilən layihə olduğu anlamına gəlmir: “Bunun üçün aydın biznes modeli, real icra planı və risklərin düzgün bölüşdürülməsi tələb olunur. Bu şərtlər təmin edildikdə layihələr həm banklar, həm də investorlar üçün daha cəlbedici olur. İri infrastruktur və enerji layihələri də geniş əməkdaşlıq tələb edir. Bunun yaxşı nümunəsi 315 meqavat gücündə Neftçala Günəş Elektrik Stansiyasıdır. Stansiya ötən ay Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Asiya İnkişaf Bankı olmaqla üç beynəlxalq qurumun maliyyələşməsi ilə maliyyə yekunlaşmasına nail olub.

Onun sözlərinə görə, kommersiya bankları, beynəlxalq maliyyə institutları, inkişaf bankları, investorlar, texnologiya şirkətləri və layihə sahiblərinin hər birinin bu prosesdə mühüm rolu var:

“Azər Türk Bank” olaraq davamlı inkişafı və yaşıl layihələri gələcək iqtisadi artımın mühüm hərəkətverici qüvvələri hesab edirik.

İlahə Səlimova Azər Türk Bank Fərid Quliyev

Mənbə: apa.az

Xəbər Lenti