Deputat: Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığı yeni mərhələyə yüksəlir

Deputat: Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığı yeni mərhələyə yüksəlir

Tarix: 10 Oct 2026 11:30

Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığı yeni mərhələyə yüksəlir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Sabir Hacıyev bildirib.

Deputat deyib ki, Prezident İlham Əliyevin oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə səsləndirdiyi fikirlər ölkəmizin regional əməkdaşlığa verdiyi əhəmiyyəti bir daha nümayiş etdirir. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə siyasi və iqtisadi əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəlib.

Azərbaycanın Məşvərət görüşündə iştirakı tarixi əhəmiyyət daşıyır

Sabir Hacıyev qeyd edib ki, 2025-ci il noyabrın 16-da Özbəkistanın Daşkənd şəhərində keçirilən 7-ci Məşvərət görüşündə Azərbaycanın bu platformada tamhüquqlu iştirakı haqqında qərarın qəbul edilməsi mühüm tarixi hadisədir: “Bu qərar ölkəmizin region dövlətləri ilə strateji tərəfdaşlığının möhkəmləndirilməsi, qarşılıqlı etimadın artırılması və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi baxımından yeni imkanlar yaradıb. Azərbaycanın bu formata qoşulması yalnız ikitərəfli münasibətlərin inkişafı ilə məhdudlaşmır, bütövlükdə Türk dünyasının birliyinin güclənməsinə, ticarət əlaqələrinin genişlənməsinə və ortaq iqtisadi maraqların uzlaşdırılmasına xidmət edir. Eyni zamanda, bu addım Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında etibarlı körpü rolunu oynayan Azərbaycanın regional mövqeyini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan müxtəlif regional əməkdaşlıq platformalarının fəal iştirakçısına çevrilib. Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin inkişafı ölkəmizin regional diplomatiyasının mühüm istiqamətlərindən biridir”.

Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika qovşağıdır

Deputat nəzərə çatdırıb ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizə Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm bağlantı yaratmaq imkanı verir: “Son illərdə nəqliyyat, logistika və enerji infrastrukturlarına yatırılan investisiyalar, müasir infrastrukturun yaradılması və beynəlxalq tərəfdaşlıqlar Azərbaycanın Avrasiya məkanında strateji əhəmiyyətini artırıb. Orta Dəhlizin inkişafı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin təşəbbüsləri və Azərbaycanın nəqliyyat infrastrukturuna yatırılan investisiyalar nəticəsində marşrutun beynəlxalq daşımalar sistemində rolu güclənib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolları və digər logistika imkanları Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına, xüsusilə Avropa istiqamətində çıxışının genişlənməsinə şərait yaradır. Orta Dəhlizin potensialından daha səmərəli istifadə üçün regional tərəfdaşlar arasında koordinasiyanın gücləndirilməsi, infrastruktur imkanlarının uzlaşdırılması və tranzit prosedurlarının sadələşdirilməsi vacibdir. Bu istiqamətdə əməkdaşlıq yükdaşımaların həcminin artmasına, ticarət əlaqələrinin dərinləşməsinə və iştirakçı ölkələrin iqtisadi imkanlarının genişlənməsinə töhfə verə bilər. Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əlaqələrin daha da möhkəmlənməsi regionda iqtisadi inteqrasiyanın dərinləşməsi, nəqliyyat-kommunikasiya xətlərinin inkişafı və uzunmüddətli tərəfdaşlığın güclənməsi üçün əlverişli zəmin yaradır”.

Prezident İlham Əliyev Mərkəzi Asiya

Mənbə: apa.az

Xəbər Lenti