Nigar Arpadarai: Azərbaycanda su qıtlığı və torpaqların deqradasiyası aqrar sahənin əsas problemlərindəndir

Nigar Arpadarai: Azərbaycanda su qıtlığı və torpaqların deqradasiyası aqrar sahənin əsas problemlərindəndir

Tarix: 16 Oct 2026 10:34

Ölkəmiz zəngin kənd təsərrüfatı ənənələrinə, müxtəlif təbii landşaftlara və güclü kənd təsərrüfatı istehsalı mədəniyyətinə malikdir. Kənd təsərrüfatı regionlarımızda insanların dolanışığını təmin edir və icmaların inkişafında mühüm rol oynayır.

“APA-Economics” xəbər verir ki, bu barədə Milli Məclisin deputatı və BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Çempionu Nigar Arpadarai “Ümumdünya Qida Günü”nə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

“Bununla yanaşı, xüsusilə su qıtlığı, torpaqların deqradasiyası, temperaturun yüksəlməsi və kənd təsərrüfatı məhsuldarlığına artan təzyiq kimi ciddi problemlərlə də üzləşirik. Buna görə də Azərbaycan üçün ərzaq təhlükəsizliyi mücərrəd qlobal müzakirə mövzusu deyil. Bu məsələ su ehtiyatlarından səmərəli istifadə, fermerlərimizin dayanıqlılığı, kənd təsərrüfatı sektorunun rəqabətqabiliyyətliliyi və regionlarımızın davamlı inkişafı ilə birbaşa bağlıdır,”- deyə o qeyd edib.

“Özümüzə praktiki bir sual verməliyik: istifadə etdiyimiz hər damla sudan, hər hektar torpaqdan və hər vahid enerjidən necə daha çox dəyər əldə edə bilərik? İnnovasiya məhz bu baxımdan əvəzolunmazdır.

Bakıda keçirilən COP29 çərçivəsində Azərbaycan beynəlxalq ictimaiyyətin daha güclü iqlim fəaliyyəti və daha geniş iqlim maliyyələşdirilməsi ətrafında bir araya gəlməsinə töhfə verdi. Biz, həmçinin iqlimlə bağlı iddialı hədəfləri praktiki həllərlə əlaqələndirən təşəbbüsləri irəli apardıq”.

Onun sözlərinə görə, bu, ərzaq sistemləri baxımından da əhəmiyyətlidir: “Ərzaq israf edildikdə, onun istehsalına sərf olunan suyu, enerjini, torpaq resurslarını, əməyi və investisiyaları da israf etmiş oluruq. Üzvi tullantılar poliqonlarda parçalandıqda isə güclü istixana qazı olan metan da buraxa bilər. Buna görə də ərzaq israfının azaldılması təkcə ekoloji məsuliyyət deyil, həm də iqtisadi imkan və ərzaq təhlükəsizliyinə töhfədir”.

İlahə Səlimova Azərbaycan su qıtlığı torpaqların deqradasiyası

Mənbə: apa.az

Xəbər Lenti