Nazir: Əsas hədəfimiz məhsuldarlığın və fermer gəlirlərinin artırılmasıdır

Nazir: Əsas hədəfimiz məhsuldarlığın və fermer gəlirlərinin artırılmasıdır

Tarix: 16 Oct 2026 10:31

Aqrar transformasiyanın uğuru yeni texnologiyaların tətbiqi ilə yanaşı, fermerlərin bilik və bacarıqlarının artırılmasından, müasir həllərə çıxışının genişləndirilməsindən və kiçik təsərrüfatların innovasiyalardan faydalanmasından asılıdır.

“APA-Economics” xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Ümumdünya Qida Günü”nə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, əsas hədəf məhsuldarlığın və fermer gəlirlərinin artırılması, kənd yerlərində həyat səviyyəsinin yüksəldilməsidir: “Emal, saxlanma və logistika infrastrukturunun inkişafı da məhsul itkilərinin azaldılmasına, əlavə dəyərin və məşğulluq imkanlarının yaradılmasına xidmət edir. Dövlət Proqramının məqsədlərinə nail olunmasında beynəlxalq əməkdaşlığın genişləndirilməsi də mühüm rol oynayır. Beynəlxalq təşkilatlarla, eləcə də qabaqcıl aqrar təcrübəyə malik ölkələrlə əməkdaşlığın dərinləşdirilməsi, müasir texnologiyaların və biliklərin mübadiləsi, birgə tədqiqatların həyata keçirilməsi əsas prioritetlərimizdəndir. Fürsətdən istifadə edərək, bu il 81-ci ildönümünü qeyd edən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatını – FAO-nu təbrik edirəm”.

Nazir qeyd edib ki, ərzaq və qida təhlükəsizliyinin təmin olunması istiqamətində Azərbaycanla FAO arasında əməkdaşlıq uğurla davam etdirilir: “Təşkilatla birgə həyata keçirilən layihələr, eləcə də COP-29 çərçivəsində reallaşdırılan tədbirlər və təşəbbüslər aqrar sahənin dayanıqlı inkişafına, iqlim dəyişmələrinin təsirlərinin azaldılmasına və qlobal ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verir”.

İlahə Səlimova kənd təsərrüfatı istehsal

Mənbə: apa.az

Xəbər Lenti