- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 05.07.2024 13:15
Səbail rayonunda “Yaşıl ərazi” sakinlərin istifadəsinə verilib.
APA xəbər verir ki, ölkəmizdə ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi, gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərindən biridir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar Səbail rayonu ərazisində bir sıra həyətlərdə abadlıq işlərinin aparılması, mövcud yaşıllıqlar bərpa edilməsi, yeni parklar və yaşıllıq zolaqlarının yaradılması, gənclərin sağlam həyat tərzi, asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə əyləncə qurğuları yerləşdirilməsi və idman alətlərindən ibarət meydançaların salınması istiqamətində işlərin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur.
"Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar görülən işlər çərçivəsində Badamdar qəsəbəsi, S.İbrahimxəlilov küçəsi 1 və 1A ünvanlarında 450-dən çox sakinin yaşadığı çoxmənzilli binaları əhatə edən ərazi abadlaşdırılaraq sakinlərin istifadəsinə verilmişdir. Sakinlərin istək və maraqları nəzərə alınaraq, abadlaşdırılan “Yaşıl ərazi”də bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif idman qurğuları və uşaqlar üçün oyun meydançası, 2 söhbətgah və çoxsaylı oturacaqlar quraşdırılmışdır. Bununla yanaşı, ərazidə mövcud yaşıllıqlar bərpa olunmuş, 300 ədəd müxtəlif növ ağaclar və dekorativ kollar əkilmiş, 1 000 kv.m. ərazidə yaşıllıq zolağı salınmışdır.
Aparılan abadlıq işlərinin əsas məqsədi paytaxt ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad olması, yaşıllıqların bərpası, mənalı istirahət mühitinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.
Rayon ərazisində aparılan abadlıq və yenidənqurma işlərini böyük razılıq hissi ilə qarşılayan qəsəbə sakinləri görülən işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.