Şənbə, 24 Oktyabr, 2026
Tarix: 23 Oct 2026 23:15
Zaqatala rayonunda güclü leysan yağışı və dolu müşahidə olunub.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, oktyabrın 22-dən etibarən ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. Bölgənin müxtəlif rayonlarında fasilələrlə yağış yağır.
Oktyabrın 23-ü axşam saatlarında qeyri-sabit hava şəraiti daha çox Zaqatala rayonunda müşahidə edilib. Rayon ərazisində bir saatdan artıq davam edən güclü leysan yağıb.
Yağıntılar nəticəsində dağ çaylarında suyun səviyyəsinin artdığı bildirilir.
Rayonun Yuxarı Tala kəndində isə təxminən 15 dəqiqə ərzində fındıq böyüklüyündə dolu yağıb.
İlkin məlumata görə, dolu şəxsi təsərrüfatlarda ağaclarda qalan alma, armud və digər meyvələrə ziyan vurub.
Hazırda bölgədə qeyri-sabit hava şəraiti davam edir.
Vüqar Heydərov Zaqatala Yuxarı Tala leysan dolu qeyri-sabit hava şəraiti dağ çayları meyvə ağacları kənd təsərrüfatı
Mənbə: apa.az