Çərşənbə axşamı, 1 Sentyabr, 2026
Tarix: 01 Sep 2026 12:58
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlərin məbləği müəyyən edilib.
ADSEA yanında Suların istifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən "APA-Economics"ə bildirilib ki, Azərbaycan Respublikası Su Məcəlləsinin 99-cu maddəsinə əsasən, su obyektlərindən istifadə ilə bağlı ödəniş növləri və qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
Bu məqsədlə Nazirlər Kabinetinin 14 aprel 2026-cı il tarixli 99 nömrəli Qərarı ilə “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri” və “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə fiziki və hüquqi şəxslər arasında su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair müqavilənin forması” təsdiqlənib.
Qərara əsasən, ödənişlərin məbləği su obyektinin növündən – Xəzər dənizi, çaylar, göllər və yeraltı sulardan – və istifadə məqsədindən asılı olaraq fərqlənir. Tariflər götürülən və axıdılan suyun həcminə, həmçinin istifadə olunan su akvatoriyasının sahəsinə uyğun müəyyənləşdirilib.
Belə ki, Xəzər dənizindən sənaye məqsədilə götürülən hər 10 000 litr su üçün 4 qəpik ödəniş nəzərdə tutulub.
Çay və göllərdən sənaye məqsədilə götürülən hər 1 000 litr su üçün ödəniş 4 qəpik, kənd və meşə təsərrüfatı məqsədilə götürülən hər 10 000 litr su üçün 1 qəpik, balıqçılıq və akvakultura məqsədilə götürülən hər 100 000 litr su üçün isə 1 qəpik müəyyən edilib.
Yeraltı sulardan sənaye məqsədilə götürülən hər 1 000 litr su üçün ödəniş 40 qəpik, balıqçılıq və akvakultura məqsədilə götürülən hər 100 000 litr su üçün isə 2 qəpik təşkil edir.
Tullantı sularının su obyektlərinə axıdılmasına görə də ödənişlər müəyyənləşdirilib.
Xəzər dənizinə məişət və sənaye tullantı sularının axıdılması zamanı hər 1 000 litr üçün 1 qəpik, çay və göllərə məişət tullantı sularının axıdılması zamanı hər 1 000 litr üçün 1 qəpik, sənaye tullantı sularının axıdılması zamanı isə hər 1 000 litr üçün 4 qəpik ödəniləcək.
Tullantı suları sutəmizləyici qurğular vasitəsilə müəyyən edilmiş normalara uyğun səviyyəyə çatdırıldıqdan sonra su obyektlərinə axıdıldıqda, ödənişlərə 0,7 əmsalı tətbiq ediləcək.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə müqavilə formasının təsdiqlənməsi tərəflərin hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə, sudan istifadə şərtlərinin aydın şəkildə əks etdirilməsinə, həmçinin bu sahədə hesabatlılıq və şəffaflığın təmin olunmasına xidmət edir.
Yeni ödəniş mexanizminin su ehtiyatlarından səmərəli və məqsədyönlü istifadənin təşviqinə, sudan istifadə sahəsində uçot və hesabatlılığın gücləndirilməsinə, su ehtiyatlarının mühafizəsi və dayanıqlı idarə olunmasına xidmət edəcəyi bildirilir.
Qeyd edək ki, sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
APA-Economics Xəzər dənizi su ADSEA
Mənbə: apa.az