Şənbə, 24 Oktyabr, 2026
Tarix: 23 Oct 2026 23:47
Avropa İttifaqı (Aİ) Ukrayna, Rusiya və ABŞ arasında keçiriləcək növbəti sülh danışıqlarında iştirak etmək niyyətindədir.
Bu barədə “Euronews” məlumat yayıb.
Nəşrin məlumatına görə, Brüssel üçtərəfli danışıqlar formatının genişləndirilməsini və Avropa nümayəndələrinin də prosesə cəlb olunmasını istəyir.
Bildirilib ki, Aİ-nin əsas məqsədlərindən biri ABŞ-ın Ukrayna ilə bağlı mövqeyinə təsir göstərməkdir. Avropa rəsmiləri Vaşinqtonun siyasətindəki dəyişikliklərdən narahat olduqlarını bildirirlər.
Avropa Komissiyasının baş sözçüsünün müavini Ariana Podesta qeyd edib ki, növbəti danışıqların yüksəkvəzifəli nümayəndələrin iştirakı ilə çoxtərəfli formatda keçirilməsi gözlənilir.
“Biz hər zaman Ukraynanın güclü mövqedə olmasına çalışmışıq və ədalətli, davamlı sülhün əldə olunması üçün fəaliyyət göstərmişik”, – deyə Podesta bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı danışıqlarda həm Avropa Komissiyası, həm də Avropa İttifaqı Şurası səviyyəsində təmsil olunmalıdır.
Bununla belə, Avropa rəsmilərinin Rusiya nümayəndələri ilə birbaşa görüşüb-görüşməyəcəyi açıqlanmayıb.
Qeyd edək ki, ABŞ noyabr ayında Ukrayna və Rusiya ilə texniki səviyyədə üçtərəfli danışıqları bərpa etməyi planlaşdırır. Kiyev müxtəlif danışıqlar formatlarını dəstəklədiyini, Moskva isə müzakirələrə hazır olduğunu bildirib.
Avropa İttifaqı Ukrayna Rusiya ABŞ sülh danışıqları Euronews Ariana Podesta Avropa Komissiyası diplomatiya
Mənbə: apa.az