Məhkumluqdan azad olunmasına üç ay qalmış daha bir qrup şəxsin qiymətləndirilməsi aparılıb

Tarix: 08.07.2024 13:13

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə adaptasiyası məqsədilə növbəti görüş keçirib.

Bu barədə APA-ya ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, Ədliyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində 17 saylı Cəzaçəkmə Müəssisəsində təşkil edilən tədbirdə Agentliyin fəaliyyət istiqamətləri, məhkumların sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər barədə məlumat verilib.

Sosial xidmətə ehtiyacı olan şəxslərin, habelə cəza çəkməkdən azad olan şəxslərin sosial reabilitasiyası və adaptasiyası tədbirləri diqqətə çatdırılıb. Həmin şəxslərin ailələrinə səfərlərin təşkil olunduğu, onlarla aparılan qiymətləndirmənin nəticəsindən asılı olaraq müvafiq xidmətlərə cəlb olunduqları bildirilib, sosial-psixoloji reabilitasiyanın təşkilinə dair təqdimatlar edilib.

Tədbirdə məhkumluqdan azad olunmasına üç ay qalmış daha bir qrup şəxsin anket sorğusu əsasında qiymətləndirilməsi aparılıb. Məhkumluqdan azad olunduqdan sonra onların sosial-psixoloji yardım xidmətinə cəlb edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Agentliyin Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzində bu kateqoriyadan olan şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması məqsədilə işlər aparılır. Onlara həmçinin sosial-psixoloji, tibbi-sosial, sosial-məsləhət yardımı və sosial-məişət xidmətləri göstərilir.

Xəbər Lenti