Çərşənbə, 28 Oktyabr, 2026
Tarix: 28 Oct 2026 10:40
Azərbaycanda iqtisadi artım davam edir. 2021–2025-ci illərdə qeyri-neft sahəsi 1,5 dəfə artıb, elektrik enerjisi ixracı isə iki dəfə artıb.
“APA-Economics” xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli “9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu” tədbirində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu enerjiyə tələbatın artdığı bir şəraitdə baş verir:
“Azərbaycan meqaregional layihələrə start verib. Bunlar Xəzər–Qara dəniz–Avropa və Mərkəzi Asiya–Azərbaycan yaşıl enerji dəhlizləridir. Dayanıqlı İnkişaf Məqsədlərinin əsas sütunlarından birini təşkil edən bərpa olunan enerji ilə bağlı ciddi layihələr həyata keçirilir. Son dövrlərdə ölkəmizə cəlb olunan investisiyalar və istehsalla bağlı imzalanmış müqavilələr 8 qiqavat gücündə layihələri əhatə edir”.
Nazir müavini Qarabağda həyata keçirilən bərpa olunan enerji layihələri haqqında da danışıb:
“Təbii ki, Qarabağdakı enerji keçidini də xüsusi qeyd etmək lazımdır. Böyük Qayıdış proqramı çərçivəsində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində – Qarabağda, Şərqi Zəngəzurda, o cümlədən Ağdamda şəhər, qəsəbə və kəndlərdə salınan yaşayış məntəqələrində bərpa olunan enerji layihələri həyata keçirilir.
İşğaldan azad edilmiş ərazilər eyni zamanda yaşıl enerji zonası elan edilib. Həmin ərazilərdə təkcə xarici investisiyalar deyil, dövlət sektorunun da cəlb olunduğu su elektrik stansiyaları fəaliyyət göstərir. Həmçinin Cəbrayıl rayonunda yerləşən, istehsal gücü 240 meqavat olan “Şəfəq” günəş elektrik stansiyasını xüsusilə qeyd etmək istəyirəm.
Regional inkişafa yönəlmiş bu yanaşma Naxçıvan Muxtar Respublikasında da ardıcıl şəkildə həyata keçirilir. Naxçıvan Muxtar Respublikası da yaşıl enerji zonası kimi bərpa olunan enerji mənbələrinin tətbiqi ilə bağlı layihələrin xüsusi dəstəkləndiyi ərazilərdəndir”.
İlahə Səlimova Səməd Bəşirli DİM Qarabağ Şərqi Zəngəzur Xəzər Qara dəniz Avropa Mərkəzi AsiyaMənbə: apa.az