Zaur Fətizadə: Azərbaycanda maliyyə əməliyyatlarına risk səviyyəsinə uyğun nəzarət gücləndiriləcək

Zaur Fətizadə: Azərbaycanda maliyyə əməliyyatlarına risk səviyyəsinə uyğun nəzarət gücləndiriləcək

Tarix: 28 Oct 2026 10:21

Azərbaycanda maliyyə xidmətlərinə çıxışın genişləndirilməsi ilə yanaşı, əməliyyatların risk səviyyəsinə uyğun nəzarət mexanizmlərinin tətbiqi xüsusi əhəmiyyət daşıyır.

“APA-Economics” xəbər verir ki, bunu Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə XII Azərbaycan Mikromaliyyə Konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, maliyyə inklüzivliyinin artırılması ilə maliyyə təhlükəsizliyinin təmin edilməsi arasında düzgün balans yaradılmalıdır.

Z. Fətizadə qeyd edib ki, proporsionallıq prinsipinə əsaslanan risk əsaslı yanaşma çərçivəsində aşağı riskli hallara sadələşdirilmiş tədbirlər, yüksək riskli əməliyyatlara isə gücləndirilmiş nəzarət tətbiq olunmalıdır.

Bu yanaşma nəzarət resurslarının daha yüksək riskli əməliyyatlara yönəldilməsinə və nəzarətin effektivliyinin artırılmasına imkan verir.

“Riskin mövcudluğu heç bir halda maliyyə xidmətlərinin göstərilməsindən imtina üçün əsas kimi qəbul edilməməlidir. Əsas məsələ həmin risklərin düzgün idarə olunması mexanizmlərinin qurulmasıdır”, – deyə o vurğulayıb.

Z. Fətizadə bildirib ki, mikromaliyyə sektoru bank xidmətlərinə çıxışı məhdud olan şəxslərin, özünüməşğul əhalinin və kiçik sahibkarların şəffaf maliyyə münasibətlərinə cəlb edilməsində mühüm rol oynayır.

Onun sözlərinə görə, rəqəmsal transformasiya və müasir analitik alətlər risklərin daha sürətli qiymətləndirilməsinə imkan yaratsa da, kibertəhlükəsizlik, məlumatların qorunması və texnoloji risklərin idarə olunması məsələlərini daha da aktuallaşdırır.

Xidmət rəhbəri əlavə edib ki, maliyyə sektorunun dayanıqlı inkişafı üçün dövlət qurumları, maliyyə institutları və beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığın gücləndirilməsi vacibdir.

Rahim Tarıverdiyev maliyyə monitorinqi Zaur Fətizadə mkromaliyyə

Mənbə: apa.az

Xəbər Lenti