Ramin Məmmədov: Azərbaycan multikultural dəyərlərin təşviqinə töhfə verir

Ramin Məmmədov: Azərbaycan multikultural dəyərlərin təşviqinə töhfə verir

Tarix: 28 Oct 2026 16:28

Azərbaycan 2027-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) növbəti Qlobal Forumuna ev sahibliyi edəcək.

APA xəbər verir ki, bunu Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun “Dinlərarası dialoq: ortaq gələcək üçün yol xəritəsi” adlı plenar iclasında deyib.

O bildirib ki, Azərbaycan bu tədbirə ev sahibliyi etməkdən xüsusi qürur duyur.

“Bu möhkəm tərəfdaşlığa əsaslanaraq, Azərbaycanın qlobal həmrəyliyin və strateji dialoqun inkişafına yönəlmiş ortaq sədaqətimizi daha da gücləndirərək 2027-ci ildə növbəti UNAOC Qlobal Forumuna Bakıda ev sahibliyi edəcəyindən xüsusi qürur duyuruq”, – Ramin Məmmədov vurğulayıb.

Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycan dini və mədəni müxtəlifliyə hörmətin, qarşılıqlı anlaşmanın və multikultural dəyərlərin təşviqinə töhfə verir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən “Bakı Prosesi” çərçivəsində ölkə Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarına, UNAOC-un Qlobal Forumuna və Dünya Dini Liderlərinin sammitlərinə ev sahibliyi edib.

Ramin Məmmədov əlavə edib ki, Azərbaycan islamofobiya, nifrət nitqi, dini dözümsüzlük və ayrı-seçkiliyə qarşı mübarizədə beynəlxalq səyləri dəstəkləyir.

İlqar Xudiyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ramin Məmmədov Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu

Mənbə: apa.az

Xəbər Lenti