Avropanın siyasi böhranı: Siyasi sifarişlər və ikili standartlar - RƏY

Avropanın siyasi böhranı: Siyasi sifarişlər və ikili standartlar - RƏY

Tarix: 28 Oct 2026 15:47

“Qoca qitə” yenə də siyasi böhran və iğtişaşlar ilə üz-üzə qalıb. Bəli, məhz yenə də, çünki oxşar mənzərələr Avropanın müxtəlif ölkələrində müntəzəm şəkildə təkrarlanır. Maraqlısı da odur ki, iddialara əsasən bu iğtişaşların mütləq əksəriyyətinin əsas səbəbi həmin ölkələrdə yaşanan sosial problemlərdir. Necə olur ki, sosial problemlərin mövcudluğu bəhanəsi ilə müxtəlif ölkələrin daxili məsələlərinə müdaxilə edən və onları tənqid edən dövlətlərin özü analoji çətinliklər yaşayır? Uzun illər ərzində bizi bu məntiqsizliyə alışdırmağa çalışıblar. Razılaşın ki, qarşılaşdığımız bu mənzərə yumşaq desək qəribə olduğu qədər də maraqlıdır.

Ən azından ona görə ki, Avropada baş verən iğtişaşların “boğulması” üçün istifadə olunan zorakılıq nədənsə beynəlxalq təşkilatların gurultulu bəyanatlarının predmetinə çevrilmir. İğtişaşlarda iştiraklarına görə həbs olunan yüzlərlə vətəndaşın adları niyə beynəlxalq təşkilatların hesabatlarına “siyasi məhbus” kimi daxil olunmur? Asayişin təmin olunması məqsədilə güc metodlarından istifadə etdiyi üçün oradakı hakimiyyət nədən “antidemokratik hökumət” adlandırılmır? Nəzərə alsaq ki, xarici kanalların xəbər xarakterli verilişlərində nümayiş olunan görüntülər müəyyən senzuradan keçmiş süjetlərdir, o zaman real vəziyyətin nə qədər qorxunc və acınacaqlı olduğunu təsəvvür etmək heç də çətin deyil.

Axı bizi israrla inandırmağa çalışırdılar ki, Böyük 7-liyə (G7) daxil olan Fransada sahələrin inkişafı ilə bağlı bütün işlər qaydasındadır. Onilliklər ərzində qibtə olunan Avropa məvacibi, Avropa səhiyyəsi, Avropanın sosial siyasəti, Avropanın insan və sülhsevərliyi – haradadır bütün bu qibtə olunan xülyalar? Nə baş verib ki, Avropanın “nümunəvi” dayanaqlığı birdən-birə harasa itib? Yoxsa sadalanlar sadəcə bir siyasi vitrin idi?

Deyəsən doğurdan da Eyfel qülləsi pas bağlayıb və reklamın parıltılı rəngləri artıq bu pası gizlədə bilmir. Bu cür yanaşma və mövqeyə görə tənqid etmək istəyənlərə “tələsməyin” demək istərdik. Qeyd olunanlar əsla qərəzin təzahürü deyil. Məqsədimiz vətəndaşı psevdodemokratik demaqoji şüarlar arxasında gizlənilmiş manipulyasiyalardan qorumaqdır. Tarixi və əzəmətli Qələbəni özümüz əldə etdiyimiz kimi, inkişafa və yaşanan müxtəlif çətinliklərin həllinə də xalq, millət və dövlət olaraq özümüz nail olmalıyıq. Qalib Azərbaycan xalqı kimdənsə “kirayə” alınmış inkişafa layiq deyil. Dünən və bu gün atılan bütün addımlar dayanıqlı və sığortalı sabaha xidmət edir.

“Qoca qitə”nin bəzi ölkələrini bürüyən iğtişaşlar həm də onu göstərir ki, Avropa tənqid və informasiya hücumlarına da kifayət qədər dözümsüzdür. Bu mənada ultrasağçı və ultrasolçuların artan ictimai reytinqi heç də təsadüfi hal deyil. Tolerantlıqdan isə heç söhbət belə gedə bilməz. Şahidlik etdiyimiz multikulturalizm dəyərlərinin böhranı isə ondan xəbər verir ki, Avropada radikal milliyyətçi ideyaların təsiri altında əhalinin ictimai-siyasi təfəkkürünün məzmunu deformasiyaya uğrayır. Altından xətt çəkərək bildiririk ki, “Azərbaycanın daxili məsələlərinə müdaxilə etməyə heç kimin ixtiyarı yoxdur” mövqeyi Fransa və ya hansısa digər konkret bir ölkəyə qarşı olan ritorikanın təzahürü deyil. Sözügedən siyasət Azərbaycanın daxili məsələlərinə müdaxilə etmək iddialarına qarşı prinsipial mövqeyin təcəssümüdür. Kontekstin inkişafında oktyabrın 27-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyev tərəfindən səsləndirilmiş fikri yada salaq: “İkili standart həm də kiminsə sənə necə yaşamağı öyrətmək istəməsidir”.

Bəli, həyatda olduğu kimi, siyasətdə də “bumeranq” effektinin yaşanması qaçılmazdır. Təsadüfi deyil ki, müxtəlif dövlətlərdə sifarişli iğtişaşları törədən ölkələr, o cümlədən Fransa, bu gün özü həmin iğtişaşların acı dadı ilə tanış olur. Bilməyimiz vacib olan həqiqət həm də odur ki, iğtişaş siyasi terrorun sadəcə növlərindən biridir. Terrorun isə milliyyəti və dini yoxdur.

Burada daha bir maraqlı siyasi hipotezanı qeyd edə bilərik. İstisna olunmur ki, Qərb orada əsən siyasi böhran küləklərinin səmtini Şərqə doğru yönəltmək istəyir. Tarixdən çox gözəl bilirik ki, Qərb bu cür siyasi təcrübənin istifadə olunmasından heç zaman çəkinməyib. Oxşar istəklərin reallaşmasında isə “iğtişaş” ən ucuz başa gələn və ən universal metoddur. Bir daha vurğulayaq ki, “iğtişaş” ölkənin daxili məsələlərinə müdaxilə etmək vasitəsidir. Burada hansısa mifik ideoloji mübarizədən və ya ciddi etiraz elektoratının mövcudluğundan söhbət belə gedə bilməz. İstənilən iğtişaş sadəcə siyasi sifarişdir. Siyasi həqiqətləri qərəzli maraqlara boyanmadan görməyi bacarmalıyıq və əsla unutmamalıyıq ki, cəmiyyətdə olan potensialların inkişaf naminə səfərbər olunmasına səbəb ola biləcək əsas amil sağlam dialoqdur, iğtişaş isə əksinə cəmiyyətin parçalanmasına və nifaq salınmasına xidmət edir.

Politoloq Asif Adil

Fransa Avropa siyasi böhran siyasi sifariş ikili standartlar

Mənbə: apa.az

Xəbər Lenti