Deputat: Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir

Deputat: Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir

Tarix: 28 Oct 2026 15:55

Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Elnarə Akimova bildirib.

Deputat deyib ki, Azərbaycan İslam irsinin qorunmasını mənəvi məsuliyyət kimi qəbul edir: “Prezident İlham Əliyevin oktyabrın 27-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim bin Məhəmməd əl-Maliki ilə görüşü Azərbaycanın İslam dünyası ilə əlaqələrinin və humanitar əməkdaşlığının inkişafı baxımından əhəmiyyətlidir. Azərbaycan tarixən İslam dünyasının ayrılmaz parçası olub, ölkəmizin mədəniyyəti və milli kimliyi İslam sivilizasiyasının zəngin irsi ilə sıx bağlıdır. Müstəqillik dövründə Azərbaycan bu bağlılığı beynəlxalq əməkdaşlıq, mədəni irsin qorunması və dinlərarası dialoqun təşviqi istiqamətində konkret təşəbbüslərlə nümayiş etdirib. Prezident İlham Əliyevin görüşdə Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirəcəyini vurğulaması ölkəmizin bu sahədəki siyasətinin ardıcıllığını göstərir. ICESCO rəhbərinin Azərbaycanın müsəlman ölkələrində təhsilin inkişafına dəstəyini, xüsusilə Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla Əliyevanın humanitar təşəbbüslərini yüksək qiymətləndirməsi də əməkdaşlığın real nəticələrinə diqqəti artırır”.

İslam dünyası ilə əlaqələr strateji əhəmiyyət daşıyır

Elnarə Akimova qeyd edib ki, Azərbaycan müsəlman ölkələri ilə münasibətlərin inkişafına, İslam təşkilatları çərçivəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir: “Ölkəmiz İslam həmrəyliyini yalnız ortaq dini və mənəvi dəyərlər əsasında deyil, təhsil, elm, mədəniyyət və humanitar sahələrdə birgə fəaliyyət vasitəsilə də möhkəmləndirməyə çalışır. Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın beynəlxalq miqyasda dialoq və qarşılıqlı anlaşma platforması formalaşdırmaq səylərinin mühüm nümunəsidir. ICESCO rəhbərinin VII Forumun uğurla keçirilməsini yüksək qiymətləndirməsi və Prezidentin münaqişələrin dayandırılması, dövlətlərin daxili işlərinə qarışmamaq prinsipi ilə bağlı fikirlərinin aktuallığını vurğulaması Azərbaycanın bu istiqamətdəki təşəbbüslərinə beynəlxalq marağın göstəricisidir. zərbaycanın gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi etməsi və təşkilata sədrlik edəcək olması ölkəmizin müsəlman dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün imkanlarını daha da genişləndirəcək”.

Heydər Əliyev Fondunun humanitar missiyası

Deputat bildirib ki, İslam həmrəyliyinin gücləndirilməsində Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi yer tutur: “Fondun rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsləri və Fondun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə həyata keçirilən layihələr təhsil imkanlarının genişləndirilməsinə, ehtiyacı olan insanlara yardım göstərilməsinə və mədəni irsin qorunmasına xidmət edir. ICESCO ilə əməkdaşlıq çərçivəsində müsəlman ölkələrində təhsil və humanitar sahələrdə həyata keçirilən layihələr bu fəaliyyətin beynəlxalq miqyasını nümayiş etdirir. Belə təşəbbüslər ölkələr arasında dostluq münasibətlərini möhkəmləndirməklə yanaşı, ortaq problemlərin həllinə də töhfə verir”.

İslam mədəni irsinin qorunması prioritetdir

Elnarə Akimova vurğulayıb ki, Azərbaycan İslam irsinin qorunmasına həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə xüsusi diqqət yetirir: “İşğaldan azad edilmiş ərazilərdə dağıdılmış məscidlərin bərpası, tarixi abidələrin yenidən qurulması xalqımızın dini-mədəni irsinə sahib çıxmasının mühüm təzahürüdür. Heydər Əliyev Fondunun xarici ölkələrdə tarixi və dini abidələrin bərpası, qorunması istiqamətində gördüyü işlər də İslam mədəniyyətinə ümumbəşəri dəyər kimi yanaşmanın ifadəsidir. Bu fəaliyyət dini və mədəni irsin gələcək nəsillərə çatdırılmasına, xalqlar arasında qarşılıqlı hörmətin gücləndirilməsinə xidmət edir. Azərbaycanın dünyəvi dövlətçilik prinsiplərinə sadiqliyi ilə İslamın mənəvi dəyərlərini qoruması bir-birini tamamlayır. Ölkəmizin təcrübəsi göstərir ki, milli kimliyi və dini-mədəni irsi qorumaq, eyni zamanda müasir inkişafı və beynəlxalq əməkdaşlığı təşviq etmək mümkündür. ICESCO ilə əməkdaşlığın bundan sonra da genişləndirilməsi Azərbaycanın İslam həmrəyliyinə və mədəniyyətlərarası dialoqa töhfələrinin davam etdirilməsi baxımından əhəmiyyətlidir”.

Elnarə Akimova Prezident İlham Əliyev İslam həmrəyliyi ICESCO Səlim bin Məhəmməd əl-Maliki

Mənbə: apa.az

Xəbər Lenti