Musiqi məktəblərinə qəbul imtahanlarının nəticələri elan olunub

Tarix: 11.07.2024 12:42

Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə 2024–2025-ci tədris ili üçün qəbul imtahanlarının nəticələri elan olunub.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, imtahanın nəticələri barədə namizədlərə “MyCulture” vahid şəxsi kabinet (my.culture.az) və elektron poçt vasitəsilə müvafiq bildirişlər göndərilib.

Bununla yanaşı, namizədlər vətəndaş məmnunluğunun və məlumatlandırma səviyyəsinin yüksəldilməsi məqsədilə alternativ kimi yaradılmış https://imtahan.culture.az resursuna daxil olaraq imtahan nəticəsi ilə bağlı məlumat əldə edə bilərlər.

Qeyd edilib ki, 6-31 may tarixlərini əhatə edən elektron qeydiyyat mərhələsi zamanı musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul olmaq istəyən 16 280 nəfərin müraciəti “my.culture.az” vahid şəxsi kabinet vasitəsilə qeydə alınıb. Müraciət edənlərin 12 196 nəfəri, yəni 75 faizi bu imtahanlarda uğurlu nəticə əldə edərək musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul olunub. İmtahan nəticələrinə görə, ödənişsiz yerlərə qəbul olunanların sayı 9 428, ödənişli yerləri qazananların sayı isə 2 768 olub.

Məlumatda bildirilib ki, bu il məktəblərə qəbul olunan şagirdlərin sayı ötən illə (10 215) müqayisədə, 2 000 nəfərə yaxın daha çoxdur.

Uğurlu nəticə göstərmiş şagirdlər 15 avqust 2024-cü il tarixinə qədər elektron qəbul prosesini öz şəxsi kabinetləri vasitəsilə tamamlamalıdırlar. Bunun üçün istifadəçi “my.culture.az” vahid şəxsi kabinetinə daxil olub, "Təhsilalanların yerləşdirilməsi” bölməsindən zəruri məlumatları əlavə etməklə və tələb olunacağı təqdirdə təhsil haqqını müvafiq qaydada ödəməklə qəbul prosesini tamamlayır. İmtahan nəticələri ilə bağlı apellyasiya müraciətlərinə 15-17 iyul tarixlərində baxılacaq.

Əlavə edilib ki, mədəniyyət sahəsində islahat tədbirlərinin əsas məramı şəffaf və effektiv idarəetmə, rəqəmsal həllərin tətbiqi və vətəndaş məmnuniyyətinin təmin olunmasıdır. Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul prosesi “e-Culture” rəqəmsal inkişaf strategiyası çərçivəsində icra olunur ki, bu da çevik və birbaşa kommunikasiya və şəffaflığın təmin olunmasında vacib əhəmiyyət daşıyır.

Xəbər Lenti