Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə əlaqədar başsağlığı verib

Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə əlaqədar başsağlığı verib

Tarix: 29 Oct 2026 21:29

Azərbaycanın Xalq artisti, tanınmış müğənni Zaur Rzayev vəfat edib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, sənətkar oktyabrın 29-da, ömrünün 75-ci ilində dünyasını dəyişib.

Zaur Əlihüseyn oğlu Rzayev 1952-ci il yanvarın 28-də Kürdəmir rayonunun Karrar kəndində anadan olub.

O, Bakı Kitabxanaçılıq Texnikumunda, Asəf Zeynallı adına Musiqi Texnikumunda və Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Vokal şöbəsində təhsil alıb.

Sənətkar müxtəlif illərdə Azərbaycan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Ansamblında, Dövlət Mahnı Teatrında və hərbi musiqi kollektivlərində fəaliyyət göstərib.

1994-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblına rəhbərlik edib.

Zaur Rzayev 1998-ci ildə “Əməkdar artist”, 2003-cü ildə isə “Xalq artisti” fəxri adına layiq görülüb. O, həmçinin Dağıstan Respublikasının “Əməkdar incəsənət xadimi” və “Xalq artisti” fəxri adları ilə təltif olunub.

Mədəniyyət Nazirliyi sənətkarın vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına başsağlığı verib.

Zaur Rzayev Xalq artisti vəfat Mədəniyyət Nazirliyi Azərbaycan musiqisi müğənni mədəniyyət

Mənbə: apa.az

Xəbər Lenti