Fidan: Ukraynada sülh əldə olunduqdan sonra Avropa Rusiya ilə münasibətlərini yenidən qurmalıdır

Fidan: Ukraynada sülh əldə olunduqdan sonra Avropa Rusiya ilə münasibətlərini yenidən qurmalıdır

Tarix: 01 Nov 2026 04:44

Ukraynada müharibə başa çatdıqdan sonra Avropa ilə Rusiya arasında konstruktiv münasibətlərin yeni çərçivəsi müəyyən edilməlidir.

APA xəbəer verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-də keçirilən G20 ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra Türkiyə mediasına açıqlamasında bildirib.

“Rusiya və Ukrayna sülh sazişinə gəlməlidirlər. Lakin sülh əldə edildikdən sonra Avropa ilə Rusiya arasında konstruktiv münasibətlərin yenidən müəyyənləşdirilməsinə ehtiyac yaranacaq. Çünki Ukrayna ilə Rusiya arasında sülh yalnız bu iki ölkə ilə məhdudlaşmır. Avropa da müəyyən mənada Rusiya ilə barışmalı, bəzi münasibətləri yenidən bərpa etməlidir”, – Fidan vurğulayıb.

Türkiyəli nazir Ukraynadakı müharibənin dünya iqtisadiyyatına böyük zərər vurduğunu bildirib.

Onun sözlərinə görə, Avropa ölkələri uzun müddət müharibənin iqtisadi və sosial nəticələrini gizlətməyə çalışsalar da, hazırda bu təsirlər Avropa paytaxtlarında siyasi hakimiyyətə ciddi təzyiq göstərir.

Fidan müharibədən əvvəl Rusiya ilə Avropa arasında mövcud olmuş iqtisadi əlaqələri də xatırladıb.

“Avropa iqtisadiyyatı və sənayesi Rusiyadan enerji resursları alır, onların əsasında məhsul istehsal edir və satırdı. Bu satışlar ətrafında digər iqtisadi fəaliyyətlər və maliyyə əməliyyatları formalaşırdı. Bütün bunlar bir-biri ilə sıx bağlı idi”, – o qeyd edib.

Nazir beynəlxalq ticarətdə yaranan əlavə maneələrin iqtisadi itkiləri daha da artırdığını vurğulayıb.

Onun sözlərinə görə, təkcə enerji sahəsində yaranmış problemlərin Avropaya vurduğu zərərin 100 milyard avroya çatdığı barədə Almaniya kansleri tərəfindən açıqlama verilib.

“Enerji və digər sahələrdə ticarətin pozulmasının ümumi dəyərini artıq heç kim tam hesablaya bilmir. Bütün amillər nəzərə alındıqda söhbət nəhəng itkilərdən gedir”, – Fidan bildirib.

Türkiyənin xarici işlər naziri Hörmüz boğazı ətrafında yaranmış vəziyyətə də toxunub.

O, boğazın bağlanmasına səbəb olan ABŞ-İran fikir ayrılıqlarının aradan qaldırılmasının vacibliyini qeyd edib.

“Bütün bu problemlər mümkün qədər tez həll olunmalıdır ki, strateji əhəmiyyətli ticarət yolları yenidən açılsın”, – Fidan əlavə edib.

Türkiyə Hakan Fidan Rusiya Ukrayna Avropa ABŞ İran Hörmüz boğazı enerji dünya iqtisadiyyatı

Mənbə: apa.az

Xəbər Lenti