Çərşənbə, 4 Noyabr, 2026
Tarix: 04 Nov 2026 12:19
“Azəri-Çıraq-Günəşlı” yataqlar blokunda (AÇG) sərbəst təbii qaz (STQ) hasilatı çərçivəsində neft ehtiyatlarını hədəfləyən ilk hasilat quyusu işə salınıb.
Bu barədə “APA-Economics” BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair bu ilin ilk 9 ayının nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
Məlumata görə, 2026-cı ilin birinci yarısında AÇG-də STQ hasilatı əməliyyatlarının başlanması ilə yataq ilk kommersiya qaz hasilatı əməliyyatları mərhələsinə keçdi.
Bildirilir ki, AÇG-də ilk STQ hasilatı əməliyyatları 2025-ci ildə qazılmış və hazırda hasilatda olan neft laylarının altında yerləşən iki prioritet STQ layını – daha dayaz Qırmakıüstü Qumlu və daha dərin Qırmakıaltı Qumlu lay dəstlərini hədəfləyən ilk hasilat quyusunda başlanmışdır. Quyu Qırmakıüstü Qumlu lay dəstində qaz ehtiyatlarının mövcudluğunu təsdiqləmiş, Qırmakıaltı Qumlu lay dəstində isə yüksək təzyiqli qaz ehtiyatlarının mövcudluğunu aşkar edib.
Məlumata görə, STQ hasilatı əməliyyatları hazırda Qırmakıaltı Qumlu lay dəstində davam edir və ilkin dövr hasilatı olmaqla yanaşı həmçinin quyuda və lay dəstində sınaq işlərinin aparılmasını da əhatə edir.
Quyudan hasil edilən qaz və kondensat, neft və qaz işlənməsi sistemlərinin inteqrasiyası yolu ilə mövcud AÇG infrastrukturundan istifadə etməklə Səngəçal terminalına göndərilir ki, bu da mövcud dəniz obyektlərindən səmərəli istifadə üçün imkan yaradır.
İlk STQ hasilatı quyusundan əlavə, STQ laylarının neft ehtiyatlarını hədəfləyən bir hasilat quyusu “Dərinsulu Günəşli” platformasından qazılmış və plana uyğun olaraq 2026-cı ilin üçüncü rübünün sonunda işə salınıb. Bu quyudan həmçinin əlavə qiymətləndirmə məlumatlarının əldə olunması da gözlənilir ki, bu da STQ laylarında gələcək işlənmə imkanlarının dəyərləndirilməsinə kömək edəcək.
Qeyd edək ki, 2026-cı ilin üçüncü rübü ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İlk üç rüb üçün AÇG-dən ümumi hasilat – “Çıraq” (18 800), “Mərkəzi Azəri” (84 600), “Qərbi Azəri” (72 000), “Şərqi Azəri” (45 700), “Dərinsulu Günəşli“(46 700), “Qərbi Çıraq” (25 300) və ACE (26 900) platformalarından birlikdə – gündə orta hesabla 320 000 barel və ya ümumilikdə təxminən 87 milyon barel, yəni 12 milyon ton olub.
Sentyabr ayının sonunda AÇG-də ümumilikdə 154 neft hasilat quyusu, 50 su injektor quyusu və 11 qaz injektor quyusu istismarda olub. Onu da əlavə etmək lazımdır ki, ilin üç rübü ərzində AÇG-də 12 neft hasilatı quyusu, 3 su injektoru və 2 qaz injektoru quyusu qazılıb tamamlanıb.
Bu quyulardan biri – “Şərqi Azəri” platformasından qazılmış D18Z neft hasilatı quyusu, indiyədək AÇG yatağında qazılmış quyular arasında ən uzun lay təmasına malik quyu olmaqla, AÇG layihəsi üçün əlamətdar bir nailiyyətdir. Quyuda 2000 metrdən çox uzunluqda açıq lülə hissəsi qazılmışdır ki, bunun 1500 metrdən çoxu hədəf məhsuldar layın daxilində qum hissəsindən keçib. Bu nailiyyət AÇG yatağından əlavə dəyərin üzə çıxarılmasında qabaqcıl seysmik görüntüləmə, qazma və tamamlama texnologiyalarının rolunu bir daha vurğulayır.
Emil İsmayılov AÇG BP qaz hasilatı sərbəst qaz neft hasilatıMənbə: apa.az