Neft Fondunun I yarımildə gəlirləri 9.3 mlrd. manata çatıb

Tarix: 17.07.2024 13:19

2024-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 9 milyard 254,9 milyon manat, büdcə xərcləri isə 6 milyard 414,4 milyon manat təşkil edib.

Fonddan "APA-Economics"ə verilən məlumata görə, 2024-cü ilin yanvar-iyun ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 6 436,5 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 5 657,0 milyon manat, bonus ödənişləri 775,9 milyon manat, tranzit gəlirləri 0,3 min manat, akrhesabı ödənişləri 3,6 milyon manat təşkil edib.

Qeyd edilib ki, Fondun valyuta vəsaitlərinin idarə olunmasından əldə edilən investisiya gəliri 2 818,4 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində ARDNF-nin 2024-cü il büdcəsinin icrası çərçivəsində 6 390,5 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. 2024-cü ilin yanvar-iyun aylarında “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 5,2 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə isə 7,1 milyon manat yönəldilib. Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 11,6 milyon manat təşkil edib.

Xəbər Lenti