MKA: "Azparking" adından istifadə edilərək fişinq hücumları həyata keçirilir

MKA: "Azparking" adından istifadə edilərək fişinq hücumları həyata keçirilir

Tarix: 11 Nov 2026 16:17

"Azparking" xidmətinin adından istifadə edilərək vətəndaşlara qarşı yeni fişinq hücumları həyata keçirilir.

Bu barədə "APA-Economics"ə Milli Kibertəhlükəsizlik Agentliyindən (MKA) məlumat verilib.

Məlumata görə, kiberdələduzlar xarici nömrələrdən istifadəçilərə "AZParking – Ödənilməmiş parkinq haqqı barədə bildiriş" başlığı altında saxta mesajlar göndərirlər. Mesajda balansın kifayət etməməsi və ya avtomatik ödənişin uğursuz olması bəhanəsilə saxta parkinq tarixi və borc məbləği (məsələn, 0.70 AZN) qeyd olunur.

İstifadəçiləri aldatmaq üçün mesajın daxilində "rəsmi veb-sayt" adı altında saxta keçidlər təqdim edilir. Həmin linkə daxil olduqda "Azparking" platformasının eynilə təqlid olunmuş səhifəsi açılır. Burada istifadəçilərdən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı, mobil telefon nömrəsi və son addımda bank kartı məlumatları tələb olunur. Nəticədə vətəndaşların bank kartı rekvizitləri ələ keçirilir və pul vəsaitləri mənimsənilir.

Milli Kibertəhlükəsizlik Agentliyi vətəndaşları bu cür hallara qarşı diqqətli olmağa çağırır və aşağıdakı məqamlara diqqət yetirməyi tövsiyə edir:

- Rəsmi bildirişlər xarici ölkə kodlarına malik şəxsi və ya naməlum nömrələrdən göndərilmir.

- SMS və ya messencer vasitəsilə daxil olan, xüsusilə daxilində şübhəli domen adları (məsələn, .top, .xyz və s.) qeyd edilən linklərə daxil olmayın.

- "Azparking" və ya dövlət ödəniş sistemlərinin rəsmi domen adını brauzerin ünvan hissəsində mütləq dəqiqləşdirin.

- Saxta və ya şübhəli veb-səhifələrdə dövlət qeydiyyat nişanı, mobil nömrə, bank kartının nömrəsi, bitmə tarixi, CVV/CVC kodu və ya SMS vasitəsilə gələn ikimərhələli təsdiqləmə kodlarını heç bir halda daxil etməyin.

- Parkinq borclarınızı yoxlamaq və ya ödənişlərinizi həyata keçirmək üçün "Azparking" rəsmi mobil tətbiqi və ya dövlət ödəniş portallarından istifadə edin.

- Əgər kart məlumatlarınızı saxta səhifədə qeyd etmisinizsə, ləngimədən bankınızla əlaqə saxlayaraq kartı bloklayın və hüquq-mühafizə orqanlarına məlumat verin.

İlahə Səlimova Azparking MKA fişinq hücumları

Mənbə: apa.az

Xəbər Lenti