Azərbaycan və İtaliya arasında kritik xammallar sahəsində sənəd imzalanıb - YENİLƏNİB

Azərbaycan və İtaliya arasında kritik xammallar sahəsində sənəd imzalanıb - YENİLƏNİB

Tarix: 23 Nov 2026 12:27

Azərbaycan və İtaliya arasında kritik xammal sahəsində üçüncü ölkələrlə birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

“APA-Economics” xəbər verir ki, bundan əlavə, Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə İtaliyanın “Leonardo S.p.A.” şirkəti arasında yüksək məhsuldarlıqlı hesablama sistemləri və süni intellekt sahəsində əməkdaşlığa dair, İtaliyanın “Cassa Depositi e Prestiti S.p.A.” şirkəti ilə Azərbaycan Biznesin İnkişafı Fondu arasında biznes və investisiya əməkdaşlığının inkişafına dair, “Baku Steel Company” QSC, “Dismas Trading S.r.l.” və “Edgar H. Greenham & Co. S.r.l.” arasında yerli sənaye məhsullarının ixracının təşviqi üzrə, Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası ilə “FINCO” şirkəti arasında tikinti və tikinti materialları sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsi barədə, “IVECO” və “Azteximport” şirkətləri arasında ictimai nəqliyyat sektorunda əməkdaşlığın gücləndirilməsi üzrə, “SIMEST S.p.A.” ilə İtaliya–Azərbaycan Ticarət Palatası arasında iki ölkə arasında ticarət, investisiya və biznes əməkdaşlığının gücləndirilməsinə dair anlaşma memorandumları, həmçinin “Nort West Construction” MMC ilə “FALORNI TECH S.R.L.” şirkəti arasında Qaradağ Şüşə Zavodunun modernləşdirilməsi üzrə Müqavilə olmaqla 7 sənəd mübadilə edilib.

Həmçinin Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi ilə İtaliyanın Ticarət Agentliyi arasında ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, investisiya layihələrinin təşviqi üzrə Anlaşma Memorandumu imzalanıb.

***

11.54

İtaliya ilə kritik xammal sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.

"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan–İtaliya Biznes Forumunda bildirib.

“Bu ilin oktyabrında Romada kritik xammal sahəsində strateji əməkdaşlığa dair Birgə Bəyannamə imzaladıq. Bu gün kritik xammallar sahəsində üçüncü ölkələrlə birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanacaq”.

“Memorandum Qafqaz, Mərkəzi Asiya və Afrikada birgə layihələrin müəyyənləşdirilməsini və Azərbaycanın regional logistika imkanlarından, o cümlədən Orta Dəhlizdən istifadə etməklə xammalın İtaliya və Avropanın sənaye təchizat zəncirlərinə inteqrasiyasını nəzərdə tutur”, - deyə nazir qeyd edib.

İlahə Səlimova Azərbaycan İtaliya Mikayıl Cabbarov kritik xammal

Mənbə: apa.az

Xəbər Lenti