Pentaqon Çinin 100-dən çox qitələrarası ballistik raket yerləşdirdiyini açıqlayıb

Tarix: 22 Dec 2025 20:51

Çin ordusu ölkənin şimalında 100-dən çox əlavə qitələrarası ballistik raket yerləşdirib.

APA xəbər verir ki, bu barədə “Reuters” Pentaqonun layihə hesabatına istinadən məlumat yayıb.

Məlumata görə, bunlar DF-31 (Dongfeng-31) bərk yanacaqlı QBR-lərdir. Raketlərin Daxili Monqolustan muxtar bölgəsindəki zonada yerləşdirildiyi bildirilir.

Pentaqon əvvəllər Çində yeni QBR yerləşdirmə zonalarının inşası barədə məlumat vermişdi. Lakin raketlərin sayı barədə təxminləri dərc etməmişdi.

Pentaqona görə, hesabatda bu QBR-lərin hansı potensial düşmənə qarşı yerləşdirilə biləcəyi göstərilmir. “Reuters” onu da vurğulayır ki, hesabat Konqresə təqdim edilməzdən əvvəl dəyişdirilə bilər.

Sənəddə qeyd olunur ki, 2024-cü ildə Çinin arsenalında 600-dən bir qədər çox nüvə başlığı var idi ki, bu da əvvəlki illərlə müqayisədə daha aşağı istehsal tempinə işarə edir.

Hesabatın müəllifləri Çinin 2030-cu ilə qədər nüvə arsenalını 1000-dən çox döyüş başlığına qədər artıra biləcəyini vurğulayıblar.

Xəbər Lenti