Çərşənbə axşamı, 24 Noyabr, 2026
Tarix: 24 Nov 2026 16:26
Kiçik sahibkarlıq subyekti kateqoriyasında ən azı iki il fəaliyyət göstərən, vergi borcu olmayan və dövriyyəsi əvvəlki illə müqayisədə 30 faizdən çox azalmayan sahibkarlıq subyektlərinə gəlir (mənfəət) vergisi məbləğinin 25 faizi həcmində güzəşt veriləcək. Güzəşt 5 il müddətinə, vergi ili üzrə əmək münasibətləri pozulmadığı halda tətbiq olunacaq.
"APA-Economics" Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsində yeni güzəşt mexanizmi nəzərdə tutulur.
Bu yanaşma kiçik sahibkarların fəaliyyətini sabitləşdirəcək, dövriyyənin süni şəkildə azaldılmasının qarşısını alacaq və rəsmi məşğulluğun qorunmasına şərait yaradacaq. Eyni zamanda, vergi borcu olmayan, əmək münasibətlərini pozmayan və stabil fəaliyyət göstərən subyektlərin dəstəklənməsi sahibkarların vergi öhdəliklərini könüllü yerinə yetirməsinə təkan verəcək.
Nümunə üçün: 2026-2027-ci illərdə kiçik sahibkarlıq subyekti kimi fəaliyyət göstərən müəssisənin 2026-cı ildə dövriyyəsi 500.000 manat, 2027-ci ildə isə 700.000 manat olub. Yəni illik dövriyyə əvvəlki illə müqayisədə artıb. 2027-ci ildə müəssisənin xərclərinin 300.000 manat olduğu nəzərə alınmaqla, 80.000 manat mənfəət vergisi hesablanıb. Müəssisənin dövlət büdcəsinə vergi borcu olmadığı və əmək münasibətlərini pozmadığı təqdirdə, yeni güzəşt mexanizminə əsasən, 2027-ci ildə həmin vergi məbləğinin 25 faizi (20.000 manat) azaldılır və müəssisə 80.000 manat əvəzinə 60.000 manat vergi ödəyir.
İlahə Səlimova kiçik sahibkarlıq Dövlət Vergi Xidməti vergi güzəştiMənbə: apa.az