Çərşənbə axşamı, 24 Noyabr, 2026
Tarix: 24 Nov 2026 17:16
“Son dövrlər Azərbaycanda müasir uçot sisteminin təkmilləşdirilməsi sahəsində müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlərin əsas mahiyyəti ölkənin sosial-iqtisadi imkanlarının və mövcud reallıqlarının düzgün qiymətləndirilməsindən ibarətdir”.
Bu sözləri APA-ya açıqlamasında İnformasiya və Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.
Uçot gənc ailələrin sosial-iqtisadi vəziyyətinin daha dəqiq qiymətləndirilməsinə imkan verəcək
O bildirib ki, Azərbaycanda ev təsərrüfatlarının uçotunun aparılması ölkənin sosial-iqtisadi vəziyyətinin daha dəqiq öyrənilməsi və gələcək dövlət proqramlarının düzgün planlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır: “Digər mühüm məqam isə gənc ailələrlə bağlıdır. Yeni ailələr qurulduqca təsərrüfatlar bölünür, lakin bəzi hallarda gənc ailələr statistik uçotda əvvəlki ailənin tərkibində qalır. Bu isə həmin ailələrin ehtiyaclarının düzgün qiymətləndirilməsi və müvafiq dövlət dəstəyindən yararlanması baxımından çətinliklər yarada bilər.
Azərbaycanda son dövrlər müzakirə olunan məsələlərdən biri də gənc ailələrə dəstək mexanizmlərinin formalaşdırılmasıdır. Bu baxımdan, ev təsərrüfatlarının uçotunun aparılması və nəticədə əhatəli statistik məlumat bazasının yaradılması xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq təcrübədə yeni qurulan ailələrin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, onların mənzil təminatına dəstək göstərilməsi və iqtisadi müstəqilliyinin təşviq edilməsi məqsədilə müxtəlif dövlət proqramları həyata keçirilir. Azərbaycanda da belə mexanizmlərin formalaşdırılması üçün müvafiq addımların atılması vacibdir”.
Gənc ailələrin ehtiyaclarının müəyyənləşdirilməsi ünvanlı dövlət dəstəyini gücləndirə bilər
İctimai birliyin sədri qeyd edib ki, gənc ailələrin mənzil-məişət şəraiti, gəlirləri, məşğulluq imkanları, iqtisadi müstəqillik səviyyəsi və qarşılaşdıqları əsas çətinliklər barədə dəqiq məlumatlar əldə edilməlidir: “İlk növbədə real vəziyyəti əks etdirən vahid məlumat bazası formalaşdırılmalıdır. Ölkədə gənc ailələrin sayı, onların hansı hissəsinin müstəqil yaşadığı, hansı hissəsinin valideynləri ilə eyni evdə məskunlaşdığı müəyyənləşdirilməlidir. Yeni ailə qurmuş şəxslərin öz mənzilini əldə etmək, ayrıca təsərrüfat yaratmaq və müstəqil gəlir mənbəyi formalaşdırmaq imkanlarının hansı səviyyədə olduğu öyrənilməlidir.
Bütün bunlar yalnız statistik göstəricilərin əldə edilməsi deyil, eyni zamanda gənc ailələrin real ehtiyaclarının müəyyənləşdirilməsi baxımından vacibdir. Çünki hər bir ailənin sosial-iqtisadi vəziyyəti, ehtiyacları və imkanları fərqlidir. Bir ailənin mənzil təminatına, digərinin məşğulluğa, başqa birinin isə sosial və ya iqtisadi dəstəyə ehtiyacı ola bilər. Bu fərqlər nəzərə alınmadan hazırlanan ümumi dəstək mexanizmləri hər zaman gözlənilən nəticəni verməyə bilər.
Məlumat bazası formalaşdıqca gənc ailələrin ehtiyaclarını daha dəqiq müəyyənləşdirmək
Düşünürəm ki, məlumat bazası formalaşdıqca gənc ailələrin ehtiyaclarını daha dəqiq müəyyənləşdirmək, onların vəziyyətinə uyğun dəstək proqramları hazırlamaq mümkün olacaq. Məsələn, mənzil təminatına ehtiyacı olan, lakin müstəqil şəkildə mənzil əldə etmək imkanı məhdud olan gənc ailələr üçün ayrıca dəstək mexanizmləri nəzərdən keçirilə bilər. Eyni zamanda, iqtisadi müstəqilliyini təmin etməkdə çətinlik çəkən ailələr üçün məşğulluq və özünüməşğulluq imkanlarının genişləndirilməsi istiqamətində proqramlar hazırlana bilər. Bəzən həyata keçirilən sosial dəstək mexanizmləri real ehtiyacları tam əhatə etmir və nəzərdə tutulan yardımın ünvanına çatmasında müəyyən çətinliklər yaranır. Bunun əsas səbəblərindən biri də bəzi hallarda ehtiyacların və sosial vəziyyətin kifayət qədər dəqiq müəyyənləşdirilməməsidir. Ona görə də daha əhatəli, etibarlı və mütəmadi yenilənən məlumatların toplanması dövlət dəstəyinin ünvanlılığını və effektivliyini artırmağa imkan verəcək. Nəticədə həm gənc ailələrin sosial rifahının yüksəldilməsi, həm də ölkədə dayanıqlı demoqrafik inkişafın dəstəklənməsi baxımından daha əsaslandırılmış qərarların qəbuluna şərait yaranacaq”, – deyə o bildirib.
Gənc ailələr uçot sistemi sosial rifah ev təsərrüfatıMənbə: apa.az