Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı risk qiymətləndirilməsi keçiriləcək

Tarix: 14 Dec 2023 13:13

Azərbaycanda ölkə risk qiymətləndirilməsi prosesinin təşkili və icrası qaydası məlum olub.

APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının yaradılması, Koordinasiya Şurasının iş Qaydasının təsdiq edilməsi” qərarında əksini tapıb.

Qərara əsasən, Nəzarət orqanları hər il aprelin 1-dək ötən il üzrə aparılmış sahəvi risk qiymətləndirməsinin nəticələrinə dair hesabatı Koordinasiya Şurasına təqdim edir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu məhkəmələr və cinayət təqibi orqanlarından zəruri statistik məlumatları öz informasiya sistemi vasitəsilə toplayır, emal edir, ümumiləşdirir və ölkə risk qiymətləndirilməsinin həyata keçirilməsi üçün Koordinasiya Şurasına təqdim edir.

Aidiyyəti üzv qurumlar müvafiq sahədə bir neçə sektor üzrə nəzarət orqanı funksiyası daşıdıqda, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurası (Koordinasiya Şurası) tərəfindən sahəvi risk qiymətləndirməsi üzrə müəyyən edilən hesabat formasına uyğun olaraq hər bir sektor üzrə məlumatları Koordinasiya Şurasına təqdim edir.

Koordinasiya Şurasının sədri risk qiymətləndirmələrinin yekun nəticələrinin müzakirəsi, habelə ölkə risk qiymətləndirilməsinin yenilənməsi ehtiyaclarının və görülməli işlərin müəyyən edilməsi məqsədilə Koordinasiya Şurasının iclasını çağıra bilər.

Ölkə risk qiymətləndirilməsi ən azı 3 (üç) ildə bir dəfə aparılır. İllik sahəvi və institusional risk qiymətləndirmələrinin nəticələrindən asılı olaraq Koordinasiya Şurasının qərarı əsasında ölkə risk qiymətləndirilməsinin yekunlarına dair hesabatın yenilənməsi həyata keçirilə bilər.

Aşağıdakı istiqamətlər üzrə ölkə risk qiymətləndirilməsi həyata keçirilir:

- cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı mübarizə; - terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə; - kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə.

Ölkə risk qiymətləndirilməsi Koordinasiya Şurası tərəfindən yaradılmış işçi qruplar vasitəsilə həyata keçirilir. Koordinasiya Şurasının ölkə risk qiymətləndirilməsinin aparılmasına dair qərarı qəbul edildikdən dərhal sonra müvafiq işçi qruplar tərəfindən hazırlıq proseslərinə başlanılır.

İşçi qruplar ölkə risk qiymətləndirilməsinin metodologiyası və zəruri təhlil istiqamətləri ilə bağlı Koordinasiya Şurasına təkliflər verirlər.

Ölkə risk qiymətləndirilməsi prosesində üzv qurumlar tərəfindən zəruri statistik və digər məlumatlar işçi qruplara təqdim olunmalıdır. Müvafiq məlumatların əldə edilməsi üçün Koordinasiya Şurasına üzv olmayan dövlət orqanlarına (qurumlarına), özəl sektor nümayəndələrinə və ictimai birliklərə Katiblik vasitəsilə sorğu göndərilə bilər.

İşçi qruplar Koordinasiya Şurası tərəfindən müəyyən edilən metodologiya əsasında müvafiq istiqamətlər üzrə məlumatları toplayır, təhlil və müzakirələri aparır, qiymətləndirilmə nəticələrini sənədləşdirir, aşkar olunan risklərin idarə edilməsi, aradan qaldırılması və ya azaldılması məqsədilə təkliflərini hazırlayır və Koordinasiya Şurasına təqdim edir.

Koordinasiya Şurası konfidensiallıq rejimini müəyyən etməklə ölkə risk qiymətləndirilməsinin nəticələri barədə ətraflı məlumatları Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına və aidiyyəti dövlət orqanlarına (qurumlarına) göndərir.

Koordinasiya Şurası ölkə risk qiymətləndirilməsinin nəticəsində aşkarlanan risklərə münasibətdə müvafiq tədbirlərin görülməsi üçün qərarlar qəbul edir. Aşkar edilmiş risklərə münasibətdə görülməli tədbirlər Koordinasiya Şurası tərəfindən müəyyənləşdirilir və onların icrasına nəzarət edilir.

Ölkə risk qiymətləndirilməsinin yekunlarına dair hesabat Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet informasiya ehtiyatında dərc edilir, ölkə risk qiymətləndirilməsinin bütün iştirakçılarına, o cümlədən nəzarət orqanları vasitəsilə öhdəlik daşıyan şəxslərə, habelə Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərə göndərilir.

Koordinasiya Şurasının işçi qrupları üzv qurumların nümayəndələrindən ibarət tərkibdə formalaşdırılır. Zəruri olduqda Koordinasiya Şurasına daxil olmayan qurumların nümayəndələri işçi qruplarda iştiraka dəvət edilə bilərlər.

İşçi qrupa rəhbərliyi onun fəaliyyət istiqaməti üzrə əsas məsul üzv qurumun səlahiyyətli nümayəndəsi həyata keçirir. Səlahiyyətli nümayəndənin namizədliyi təmsil etdiyi qurum tərəfindən Koordinasiya Şurasına təqdim edilir və Koordinasiya Şurasının qərarı ilə təsdiq olunur.

İşçi qruplarda iştirak üçün üzv qurumlar tərəfindən aidiyyəti təhlil istiqamətləri üzrə zəruri sayda əməkdaşlar təklif olunur və Koordinasiya Şurasının qərarı ilə təsdiq edilir. İşçi qrupda bir qurumdan bir neçə əməkdaş təmsil olunursa, onlardan biri həmin qurum tərəfindən məsul şəxs kimi müəyyən edilir. Bu məsul şəxs həmin qurum əməkdaşlarının işçi qrupda təmsilçiliyi ilə bağlı zəruri əlaqələndirməni həyata keçirir. Üzv qurumlar işçi qruplara təyin edilən əməkdaşlarının fəaliyyətinə görə məsuldurlar.

İşçi qruplarda iştirak üçün namizədliyi irəli sürülmüş şəxslər həmin qurumların fəaliyyət istiqamətləri üzrə zəruri statistik və digər məlumatlarla işçi qrupu təmin etmək, habelə ölkə risk qiymətləndirilməsi çərçivəsində zəruri təhlilləri aparmaq və işlədikləri qurumların mövqeyini ifadə etmək səlahiyyətinə malik olmalıdırlar.

İşçi qrupların rəhbəri və üzvləri ictimai əsaslarla fəaliyyət göstərirlər.

İşçi qrupların üzvləri tərəfindən işçi qrupun fəaliyyəti çərçivəsində təqdim edilən məlumatlar və təhlil sənədləri təmsil etdikləri qurumların mövqeyi kimi qəbul edilir.

İşçi qrupun rəhbəri tərəfindən işçi qrupda üzvlər arasından qrupdaxili kargüzarlığın və əlaqələndirmənin həyata keçirilməsi üçün əlaqələndirici şəxs müəyyən edilir. Əlaqələndirici şəxs həmçinin işçi qrupla Katiblik arasında cari fəaliyyət üzrə əlaqələndirməyə məsuldur.

Əlaqələndirici şəxs işçi qrup daxilində əldə edilmiş və hazırlanmış təhlil hesabatlarının və statistikanın arxivləşdirilməsini təmin edir və illik əsasda yekun sənədləri Katibliyə təqdim edir. İşçi qrupun rəhbəri qrup daxilində görüş və müzakirələrin keçirilməsini təşkil edir, işçi qrup üzvlərinin fəaliyyətinə, habelə işçi qrup daxilində əldə edilmiş və hazırlanmış təhlil hesabatlarının və statistikanın arxivləşdirilməsinə nəzarəti həyata keçirir.

İşçi qrupun səlahiyyətlərinə aid olan məsələlərə onun iclaslarında baxılır. İclaslar işçi qrupun rəhbərinin təşəbbüsü əsasında çağırılır və onun tərəfindən aparılır.

İşçi qrupun iclası fiziki iştirak və ya videokonfrans formatında keçirilir. İşçi qrupun iclası onun üzvlərinin ən azı üçdə ikisi iştirak etdikdə səlahiyyətli sayılır. İşçi qrupun iclası haqqında qrup üzvlərinə iclas gününə ən azı 3 (üç) iş günü qalmış məlumat verilir.

İşçi qrupun üzvləri bərabərhüquqludur və işçi qrupun fəaliyyətinə dair bütün məsələlərin müzakirəsində iştirak etmək hüququna malikdirlər.

İşçi qrup üzvünün iclaslarda iştirakı məcburidir. İşçi qrupun üzvü üzrlü səbəbdən iclasda iştirakı mümkün olmayacağı təqdirdə, bu barədə işçi qrupun rəhbərinə məlumat verməlidir. İşçi qrupun iclaslarında üzrsüz səbəbdən ardıcıl olaraq 2 (iki) dəfədən artıq iştirak etməyən üzvün qrupdan kənarlaşdırılması ilə bağlı işçi qrupun rəhbəri Koordinasiya Şurasının sədrini təmsil etdiyi qurum vasitəsilə məlumatlandırır. Koordinasiya Şurasının sədri bu müraciət əsasında həmin qrup üzvünün təmsil etdiyi quruma zəruri tədbirlərin görülməsi ilə bağlı müraciət edir.

İşçi qrup iclasda müzakirə etdiyi məsələlərə dair qərarlar qəbul edir. İşçi qrupun qərarları iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. İşçi qrupun rəhbəri sonda səs verir. Qərar qəbul edilərkən səslər bərabər bölündükdə, işçi qrupun rəhbəri həlledici səs hüququna malikdir. İşçi qrupun üzvü qrupun qəbul etdiyi qərarla razılaşmadıqda xüsusi rəy işçi qrupun qərarına əlavə edilir və bu barədə məlumat protokolda qeyd olunur.

İşçi qrupların bütün iclasları və qəbul edilən qərarları protokolla rəsmiləşdirilir. Protokol işçi qrupun əlaqələndirici şəxsi tərəfindən hazırlanır, işçi qrupun rəhbəri tərəfindən imzalanır və 1 iş günü müddətində qrup üzvlərinə və Katibliyə təqdim edilir.

İşçi qrupun rəhbəri rüblük əsasda işçi qrup tərəfindən görülən işlərə dair Katibliyə elektron formada hesabat təqdim edir.

Xəbər Lenti