- Çərşənbə axşamı, 10 Dekabr, 2024
Tarix: 09.11.2024 11:18
8 Noyabr – Zəfər Günü münasibətilə Sumqayıtın əsas meydanında respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə möhtəşəm bayram konserti keçirilib.
Bu barədə APA-ya Sumqayıt İcra Hakimiyyətindən bildirilib.
Qeyd olunub ki, Azərbaycanın şanlı tarixindəki qürurlu günlərdən biri də noyabrın 8-də qeyd etdiyimiz Zəfər bayramıdır. Bu bayram qəhrəman Ordumuzun və xalqımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yazdığı bir dastanın hekayəsidir. Qələbənin dördüncü ildönümü ölkəmizin hər yerində olduğu kimi, Sumqayıtda da böyük sevinclə qeyd edilib. Bayram tədbirinin keçirildiyi ərazi, şəhərin mərkəzi küçələri, parklar və xiyabanlar şanlı Zəfərin dördüncü ildönümü ilə əlaqədar bəzədilib, Zəfərə həsr edilən plakatlar asılıb. Konsert proqramında Azərbaycanın tanınmış müğənniləri Faiq Ağayev, Tünzalə Ağayeva, Mübariz Tağıyev, Təyyar Bayramov, Nadir Qafarzadə, Şəmistan Əlizamanlı, Aytən Məhərrəmova, Namiq Qaraçuxurlu, Ceyhun Zeynalov iştirak edib. Konsert proqramının aparıcıları tanınmış simalar – Saleh Bağırov və Lalə Azərtaş olub. Konsert proqramından sonra təşkil olunan bayram atəşfəşanlığını Sumqayıtın minlərlə sakini izləyib.