Azad edilən ərazilərdə Zəfər Günü ilə bağlı konsertlər təşkil olunub - FOTO

Tarix: 09.11.2024 11:15

8 Noyabr - Zəfər Günü işğaldan azad olunmuş torpaqlarda böyük təntənə ilə qeyd olunub.

APA xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Məlumata görə, Cəbrayıl şəhərində Zəfər bayramına həsr olunmuş konsert keçirilib. Öncə izləyicilərə Zəfər Günü ilə bağlı hazırlanmış videoçarx təqdim olunub. F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının (bədii rəhbər Xalq artisti Ağaverdi Paşayev, instrumental heyətin musiqi rəhbəri Mahir Ordubadi) müşayiəti ilə solistlər Televiziya Muğam Müsabiqəsinin laureatı Vəfa Vəzirova, Əməkdar artist Çinarə Heydərova (qanun), respublika və beynəlxalq müsabiqələr laureatları İdris Tağıyev (zurna, balaban), Taleh Yahyayev, Nurlana Abdullayeva və Nurlan Əzizbəyli, "Misri" ansamblı, Taleh Hüseynli, Rəvan Qaçayev və aşıq Ruhiyyə Qarabağlı dinləyicilər qarşısında çıxış ediblər.

Proqramda vətənpərvərlik ruhunda Azərbaycanın bəstəkar və xalq mahnıları səsləndirilib. Laçın şəhərində şəhərində təşkil olunan bayram tədbirində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və “Laçın Abadlıq Xidməti” ASC-nin əməkdaşları, şəhid ailələri, qazilər, hərbçilər rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və sakinlər iştirak ediblər. Bayraq meydanından başlayan tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Dövlət Himni səsləndirilib. Rəsmi hissədən sonra hərbi orkestrin və şəxsi heyətin müşayiəti ilə “Lacinema” kino mərkəzinə qədər bayraqla yürüş keçirilib. Sonra tədbir “Lacinema” kino mərkəzində davam edib. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə şanlı Zəfərimizin dördüncü ildönümünə həsr olunmuş bayram konserti təqdim olunub. Əməkdar artist Elza Seyidcahan, Beynəlxalq Muğam Mərkəzinin solistləri, xanəndələr Elgiz Əliyev, Könül Xəlilzadə, Cahangir Cahangirov adını Xor kollektivi, beynəlxalq müsabiqələr laureatı Nazxanım Dadaşova, istedadlı pianoçu və gənc ifaçılar, populyar müğənnilər, laçınlı xanəndələr və aşıqlar iştirak ediblər. 2 saylı Laçın şəhər tam orta məktəbinin şagirdləri də milli rəqslər və bədii qiraətləri ilə proqrama rəng qatıblar. Sonra Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş “Oğul” sənədli filmi nümayiş etdirilib. Bayram şöləni şəhərdəki Seyrəngah ərazisində möhtəşəm atəşfəşanlıqla başa çatıb. Zəngilan rayonunun Ağalı kəndində gerçəkləşən bayram şənliyində kənd sakinləri, bölgədə fəaliyyət göstərən müxtəlif qurumların əməkdaşları, hərbçilər və onların ailə üzvləri iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzi solistlərinin ifasında rəngarəng konsert proqramı təqdim olunub. Zəfər soraqlı musiqi nömrələrinin səsləndirildiyi konsert alqışlarla qarşılanıb. Mədəniyyət paytaxtı Şuşa şəhərində də Zəfər Günü böyük təntənə ilə gerçəkləşib. 8 noyabrda eyni zamanda Şuşa Şəhəri Gününü qeyd edən sakinlər üçün, sözün əsl mənasında, bayram bayrama qarışıb. Çünki dörd il öncə, Vətən müharibəsinin bu günü müzəffər Ordumuzun misli görünməmiş qəhrəmanlığı sayəsində qala-şəhərimiz düşməndən qurtulmuşdu. Şuşa zəfəri ilə, əslində, müharibənin də taleyi həll olunmuşdu. Bayram konsertində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri və Azərbaycan Dövlət Rəqs Ansamblının təqdim etdiyi maraqlı konsert proqramı doğma yurda qayıdışın sevinci içərisində olan şuşalıların yaddaşında silinməz iz qoyub. Zəfər soraqlı tədbirlərin daha bir ünvanı Xankəndi şəhəri olub. Azərbaycan Ordusunun 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatı ilə düşməndən azad olunan Xankəndi şəhəri bu gün özünün yeni növrağını yaşayır. Burada təşkil olunan bayram mərasimi də böyük coşqu ilə qarşılanıb. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri, eləcə də Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti və solistlər maraqlı proqram təqdim ediblər. Bayram şöləni tamaşaçılara unudulmaz anlar yaşadıb.

Xəbər Lenti