Rusiya Ukraynanın Novorossiyskdə sualtı qayıqlarından birini məhv etməsi barədə məlumatları təkzib edib

Tarix: 15 Dec 2025 23:34

Rusiya Qara Dəniz Donanması Ukrayna Silahlı Qüvvələrinin Novorossiyskdə sualtı qayıqlarından birini məhv etməsi barədə məlumatları təkzib edib. APA-nın Rusiya bürosu xəbər verir ki, Qara Dəniz Donanmasının mətbuat xidmətinin rəhbəri Aleksey Rulev Ukrayna kəşfiyyat xidmətləri tərəfindən Qara Dəniz Donanmasının Rusiya sualtı qayıqlarından birinin Novorossiysk dəniz bazasının körfəzində məhv edilməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun olmadığını bildirib.

Rulev əlavə edib ki, Ukraynanın pilotsuz sualtı aparatdan istifadə edərək Rusiyaya qarşı təxribat cəhdi uğursuz olub.

Qara Dəniz Donanmasının mətbuat xidmətinin rəhbəri vurğulayıb ki, təxribat nəticəsində Novorossiysk Hərbi Dəniz Bazası körfəzində yerləşən heç bir gəmi və ya sualtı qayıq zərər görməyib.

Qeyd edək ki, Ukrayna Təhlükəsizlik xidməti Hərbi Dəniz Qüvvələri ilə birlikdə Novorossiysk limanında unikal bir əməliyyat keçirərək, dəyəri 400-500 milyon dollar olan Rusiyanın Varşavyanka sinifli sualtı qayığını məhv etdiyini açıqlayıb. Gəminin ciddi şəkildə zədələndiyi və faktiki olaraq sıradan çıxarıldığı bildirilir. Sualtı qayığın Rusiyanın Ukrayna ərazisinə atəş açmaq üçün istifadə etdiyi dörd Kalibr kruiz raketi buraxıcısı daşıdığı bildirilib.

Fərid Əkbərov

Xəbər Lenti