Çərşənbə, 17 Dekabr, 2025
Tarix: 16 Dec 2025 16:04
Ukrayna üçün iddiaların tənzimlənməsi üzrə Beynəlxalq Kompensasiya Komissiyanın yaradılması məqsədilə bu gün Haaqada keçirilən diplomatik konfransa qatılan 45 dövlət Ukrayna üçün təzminat haqqında konvensiyanı imzalamağa hazırdır.
APA “Evropeyskaya pravdaya” istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının Baş katibi Alen Berse Haaqada görüşün açılış mərasimində bildirib.
Bersenin sözlərinə görə, təkcə Avropa qitəsini deyil, digər regionları da təmsil edən iştirakçı dövlətlərin dəstəyi gözləntiləri üstələyib:
“45 dövlət kompensasiya komissiyasının yaradılmasını nəzərdə tutan konvensiyanı imzalayacaq. Bu, beynəlxalq müqavilənin mövcudluğunun ilk günü üçün misilsiz haldır”.
Baş katib sənədi ilk gündə imzalamağa razılıq verən dövlətlərin adlarını açıqlamasa da, Haaqaya təkcə Avropadan deyil, həmçinin Latın Amerikası, Şimali Amerika, Asiya və Avstraliyadan olmaqla 50-dən çox ölkənin nümayəndələrinin gəldiyi məlumdur.
Berse bu proseslə sülh prosesi arasında birbaşa əlaqə gördüyünü vurğulayıb: “Məsuliyyət məsələsi sülh danışıqlarında sadəcə qeyd ola bilməz. Məsuliyyət hər bir sülh planının mərkəzində dayanmalıdır”.
Alen Berse həmçinin beynəlxalq hüququn gücünə inandığını bildirib.
“Avropa Şurasının dronları və raketləri yoxdur, amma Avropa Şurasının hüquqi gücü var — hamı üçün keçərli olan beynəlxalq hüququn”.
Bildirilir ki, Beynəlxalq Kompensasiya Komissiyası Rusiyanın Ukraynaya vurduğu ziyana görə təzminatların ödənilməsi ilə bağlı müstəqil beynəlxalq mexanizm olacaq.
İlqar Xudiyev Avropa Şurası Ukrayna Rusiya Beynəlxalq Kompensasiya Komissiyası