Çərşənbə axşamı, 16 Dekabr, 2025
Tarix: 16 Dec 2025 18:52
Naxçıvanda Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 20-ci ildönümü münasibətilə tədbir keçirilib.
APA xəbər verir ki, əvvəlcə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini, daha sonra Heydər Əliyev Muzeyini ziyarət edib.
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində keçirilən tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-mayor Şahin Mirzəyev peşə bayramı münasibətilə kollektivi təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
Nazir Şahin Mirzəyev Fövqəladə Hallar Nazirliyinin ötən 20 ildə həyata keçirdiyi tədbirlərdən, qazandığı uğurlar barədə məlumat verərək, ölkə başçısının tapşırıqlarına və fəaliyyət istiqamətlərinə uyğun olaraq üzərinə düşən vəzifələrin öhdəsindən uğurla gəldiyini bildirib. Diqqətə çatdırılıb ki, Fövqəladə Hallar Nazirliyinin yaranması, ölkəmizin fövqəladə hallarla mübarizədə daha sistemli və effektiv yanaşma tətbiq etməsinə imkan yaradıb.
Nazir qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, dövrün tələb etdiyi tapşırıqları uğurla yerinə yetirərək, fədakarlıqla çalışıb, bu gün isə Azərbaycan Respublikasının təhlükəsizliyinə töhfə verməkdə davam edirlər.
Çıxışının sonunda nazir Şahin Mirzəyev əminliklə bildirib ki, Ulu Öndər Heydər Əliyevin ideyalarına söykənən, Prezident İlham Əliyevin hər zaman diqqət və qayğısını hiss edən Fövqəladə Hallar Nazirliyinin kollektivi vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması istiqamətində bundan sonra da var gücü ilə çalışacaq, Ali Baş Komandanın bütün əmr və tapşırıqlarını uğurla yerinə yetirəcək.
Tədbirdə xidmətdə fərqlənən bir qrup əməkdaşa təltiflər təqdim edilib.
Sonda Fövqəladə Hallar Nazirliyinin keçdiyi inkişaf yolundan bəhs edən video materiala baxış olub.
Ceyhun Məmmədov FHN Naxçıvan


