Kreml: Rusiyanın Ukraynada xarici hərbi kontingentlərin olması ilə bağlı mövqeyi aydındır

Tarix: 17 Dec 2025 14:10

“Rusiyanın Ukraynada xarici hərbi kontingentlərin olması ilə bağlı mövqeyi hamıya məlumdur. Bu mövqe tamamilə ardıcıl və aydındır”.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Ukrayna ərazisində Avropa İttifaqı koalisiyasının bir hissəsi kimi xarici hərbi kontingentlərin olmasının məqbul olub-olmadığı ilə bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynada xarici hərbi kontingentlərin olması ilə bağlı mövqeyi prezident Vladimir Putin tərəfindən və digər işçi səviyyələrdə formalaşdırılıb.

Kremlin sözçüsü bildirib ki, Moskva ABŞ və Avropa ilə müzakirələrdən irəli gələn sənədləri nəzərdən keçirdikdən sonra hər şey aydın olacaq:"Bütün bunlar amerikalılar, avropalılar və ukraynalılar arasında müzakirələrdən irəli gələn sənədləri nəzərdən keçirdikdən sonra aydın olacaq. Mən hazırda heç bir proqnoz və ya qiymətləndirmə verməzdim".

Peskov Kremlin Ukrayna sülh prosesi kontekstində ümumi mövzuları və ya konkret məqamları mətbuat vasitəsilə müzakirə etmək niyyətində olmadığını da söyləyib: "Hazırda mətbuat vasitəsilə heç bir ümumi mövzu və ya konkret məqamları müzakirə etməyəcəyik".

Fərid Əkbərov Kreml Peskov Rusiya Ukrayna

Xəbər Lenti