Gürcüstan parlamenti bütün seçkilərdə səsvermənin ölkə daxilində keçirilməsini dəstəkləyib

Tarix: 17 Dec 2025 15:48

Gürcüstan parlamenti bütün seçkilər üzrə səsvermənin dövlət sərhədləri daxilində keçirilməsini nəzərdə tutan qanun layihəsini sonuncu – üçüncü oxunuşda qəbul edib.

APA-nın yerli bürosu xəbər verir ki, Seçki Məcəlləsinə düzəlişləri 79 deputat dəstəkləyib, 11-i isə əleyhinə səs verib.

Bundan sonra Gürcüstanda bələdiyyə seçkiləri kimi parlament seçkiləri də yalnız ölkə daxilində keçiriləcək. Gürcüstan vətəndaşları parlament seçkiləri ilə yanaşı plebisit və referendum zamanı da səsvermə hüququndan yalnız dövlət sərhədləri daxilində istifadə edə biləcəklər.

Digər əsas düzəliş isə ondan ibarətdir ki, partiyalar parlament və bələdiyyə seçkilərində yalnız üzvlərinin namizədliklərini irəli sürmək hüququna malik olacaqlar. Partiya mənsubiyyəti olmayan şəxsin namizədliyini isə yalnız təşəbbüs qrupları irəli sürə biləcəklər.

Qeyd edək ki, bu vaxta qədər Gürcüstanda keçirilən parlament seçkiləri zamanı xarici ölkələrdə də seçki məntəqələri yaradılırdı. Qonşu ölkədə növbəti parlament seçkiləri 2028-ci ilin oktyabrına təyin olunub.

Gürcüstanda birbaşa prezident seçkiləri isə sonuncu dəfə 2018-ci ildə baş tutub. Ölkənin parlament idarəetmə formasına keçməsindən sonra dövlət başçısı 300 nəfərdən ibarət Seçicilər Kollegiyası tərəfindən seçilir. Hazırkı Prezident Mixeil Kavelaşvili ötən ilin dekabrında məhz bu yolla növbəti beş il müddətinə dövlət başçısı vəzifəsinə seçilib.

Fərid Əkbərov Gürcüstan parlamenti

Xəbər Lenti