Cümə axşamı, 18 Dekabr, 2025
Tarix: 18 Dec 2025 12:17
“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin yaradılmasının 10 illiyi münasibətilə “10 il birlikdə” adlı yubiley tədbiri keçirilib.
APA xəbər verir ki, tədbir Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə təşkil olunub.
Yubiley tədbirində dövlət qurumlarının yüksək vəzifəli nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, ali və orta ixtisas təhsil müəssisələrinin nümayəndələri, gənclər və könüllülər iştirak ediblər.
Tədbirin rəsmi hissəsində çıxış edənlər könüllülük fəaliyyətinin gənclərin ictimai fəallığının artırılmasında, sosial məsuliyyət dəyərlərinin təşviqində və vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynadığını vurğulayıblar. Çıxışlar zamanı dövlət–QHT əməkdaşlığının əhəmiyyəti, gənclərin potensialının düzgün istiqamətləndirilməsi və könüllülük hərəkatının davamlı inkişaf perspektivləri xüsusi qeyd olunub.
Tədbir çərçivəsində “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin son 10 il ərzində həyata keçirdiyi fəaliyyətlərə dair geniş statistik təqdimat nümayiş etdirilib. Bildirilib ki, təşkilat bu müddət ərzində 26 ali təhsil müəssisəsi və 18 orta ixtisas təhsili müəssisəsini əhatə edən şəbəkə formalaşdırmış, 8 şəhər üzrə 800-dən çox layihə və tədbir həyata keçirmiş, ümumilikdə 338 896 könüllü saatı qeydə almışdır. Təqdim olunan göstəricilər təşkilatın institusional inkişafını və könüllülük sahəsində əldə etdiyi davamlı nəticələri əks etdirib. Yubiley tədbirinin yekununda “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin fəaliyyətində fəallığı və təşəbbüskarlığı ilə fərqlənmiş 30 gənc könüllü mükafatlandırılıb. Mükafatlandırma mərasimi gənclərin ictimai fəallığının stimullaşdırılması və könüllülük dəyərlərinin təşviqi baxımından xüsusi əhəmiyyət daşıyıb.
Tədbir çərçivəsində həmçinin təşkilatın gələcək fəaliyyət istiqamətləri, gənclərlə iş sahəsində planlaşdırılan yeni təşəbbüslər və tərəfdaşlıq imkanları barədə məlumat verilib. Qeyd olunub ki, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi növbəti dövrdə də könüllülük fəaliyyətinin genişləndirilməsi, gənclərin bacarıqlarının inkişafı və cəmiyyətə töhfə verən layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
Günay Elşən Bir könüllü yubiley tədbir










