Ərdoğan Azərbaycan-Ermənistan sülh prosesinin davamlı razılaşma ilə nəticələnməsini arzulayır

Tarix: 24 Dec 2025 16:46

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA xəbər verir ki, təbrik məktubunda deyilir:

"Cənab Prezident, Əziz Qardaşım.

Sizi doğum gününüz münasibətilə xalqım adından və öz adımdan səmimi-qəlbdən təbrik edir, Zati-alinizə cansağlığı, rifah və ailənizlə birlikdə uzun ömür arzulayıram.

Zati-alinizin bacarıqlı liderliyi və uzaqgörən siyasəti sayəsində Can Azərbaycanın davamlı şəkildə güclənməsi, regional və beynəlxalq siyasətdə nüfuzunun artması bizim üçün böyük məmnunluq və qürur mənbəyidir.

Beşinci ildönümünü birlikdə qeyd etdiyimiz şanlı Vətən müharibəsi Zəfərindən sonra həyata keçirilən sülh prosesinin davamlı bir razılaşma ilə nəticələnməsini arzu etdiyimi bir daha vurğulamaq istəyirəm. İnanıram ki, Qafqazda sabitliyin hökm sürdüyü sülh mühiti bütün regionun inkişafına xidmət edəcəkdir.

Türkiyə və Azərbaycan arasında öz gücünü tarixdən alan dərin köklərə malik qardaşlıq və həmrəylik əlaqələri Ümummilli Lider Heydər Əliyevin bizə miras qoyduğu “Bir millət, iki dövlət” prinsipi ilə hər gün daha da güclənir.

Möhkəm təməllər üzərində qurulmuş müttəfiqlik münasibətlərimiz və hər sahədə nümayiş etdirdiyimiz yüksək səviyyəli əməkdaşlıq sayəsində regionumuzun taleyini və gələcəyini formalaşdıran birgə layihələrimizi həyata keçirmək üçün güclü iradəyə malik olduğumuz birmənalıdır.

Əziz Qardaşım, Sizi bir daha doğum gününüz münasibətilə ürəkdən təbrik edir, fürsətdən istifadə edərək dost və qardaş Azərbaycan xalqının rifah və firavanlığı üçün ən xoş arzularımı çatdırıram".

Vətən müharibəsi Zəfər Qafqaz

Xəbər Lenti