Cümə axşamı, 25 Dekabr, 2025
Tarix: 25 Dec 2025 11:30
“Azərbaycanın ŞƏT-ə üzvlüyünü və beynəlxalq təşəbbüslərdə fəal iştirakını dəstəkləyirik”.
APA xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey 2025-ci il üzrə illik mətbuat konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Çin və Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və BMT kimi beynəlxalq platformalarda sıx əməkdaşlıq edir və bir-birini dəstəkləyir:
“Çin Azərbaycanın ŞƏT-ə üzvlüyünü dəstəkləyir, Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (CICA) sədrliyini alqışlayır və beynəlxalq məsələlərdə fəal iştirakını yüksək qiymətləndirir. Çin bundan sonra da Azərbaycanla çoxtərəfli əməkdaşlığı gücləndirməyə və Qlobal Cənub ölkələrinin ümumi maraqlarını qorumağa hazırdır”.
Səfir əlavə edib ki, iqtisadi və ticarət sahəsində əməkdaşlıq da yüksək dinamika ilə inkişaf edir. Onun sözlərinə görə, 2025-ci ilin yanvar–oktyabr aylarında Çin–Azərbaycan ticarət dövriyyəsi 2,44 milyard ABŞ dollarına çatıb və bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 21,9 faiz çoxdur:
“Gözlənilir ki, illik ticarət dövriyyəsi növbəti dəfə tarixi rekord göstəriciyə çatacaq. Bu isə artıq ardıcıl üçüncü ildir ki, qeydə alınır. Çin Azərbaycanın ən böyük idxal mənbəyi və dördüncü ən iri ticarət tərəfdaşı olaraq qalır”.
Lu Mey vurğulayıb ki, ölkələri arasında praktiki əməkdaşlıq həm iqtisadiyyat, həm də humanitar sahələrdə real və məhsuldar nəticələr verməkdə davam edir.
İlqar Xudiyev Çin Azərbaycan ŞƏT