Səfir: 2025-ci il Çin–Azərbaycan münasibətləri üçün məhsuldar il olub

Tarix: 25 Dec 2025 11:25

“2025-ci il Çin–Azərbaycan münasibətləri üçün məhsuldar il olub”.

APA xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey 2025-ci il üzrə illik mətbuat konfransındakı çıxışında deyib.

Səfir bildirib ki, ötən il ərzində Çin–Azərbaycan münasibətlərinin inkişafına və iki ölkə arasında dostluğun möhkəmlənməsinə media nümayəndələrinin verdiyi töhfələr yüksək qiymətləndirilir.

Onun sözlərinə görə, 2025-ci il Çin–Azərbaycan əlaqələri üçün “məhsuldar il” kimi yadda qalıb: “Sədr Si Cinpin və Prezident İlham Əliyevin strateji rəhbərliyi altında münasibətlərimizin keyfiyyəti hərtərəfli şəkildə yüksəlib və inkişaf tempi sürətlənib. İkitərəfli münasibətlər tarixdə ən yüksək səviyyə olan hərtərəfli strateji tərəfdaşlıq mərhələsinə çatıb”.

Lu Mey qeyd edib ki, iki ölkə arasında siyasi qarşılıqlı etimad daha da güclənib, praktiki əməkdaşlıq parlaq nəticələr verib, humanitar mübadilələr isə dərinləşib.

Diplomat vurğulayıb ki, dövlət başçılarının diplomatiyası Çin–Azərbaycan münasibətlərinin inkişafının mühüm hərəkətverici qüvvəsi olub: “Bu il liderlərin qarşılıqlı təmasları nəticəsində ikitərəfli münasibətlər yeni mərhələyə yüksəlib. Aprel ayında Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində Sədr Si Cinpinlə aparılan danışıqlar zamanı müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üzrə mühüm razılaşmalar əldə olunub. Dövlət başçıları hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin yaradılması haqqında Birgə Bəyanat imzalayıb və 20 sənədin imzalanmasının şahidi olublar. Bununla da Çin–Azərbaycan münasibətlərinin inkişafında yeni səhifə açılıb”.

Səfir əlavə edib ki, gələcək dövrdə də ikitərəfli münasibətlərin daha da genişlənməsi üçün əməkdaşlıq davam etdiriləcək.

İlqar Xudiyev Çin Azərbaycan

Xəbər Lenti