Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin yeni inşa olunmuş binasına media-tur olub - FOTO

Tarix: 25 Dec 2025 16:31

Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin yeni inşa olunmuş binasına media-tur olub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, universitetin Biznes və İqtisadiyyat fakültəsinin dekanı Kamran Məlikov media nümayəndələrinə yeni inşa olunmuş bina barədə məlumat verib.

O bildirib ki, Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin yeni inşa olunmuş binasında müasir tədris infrastrukturu yaradılıb: "Bina tədris, tədqiqat və inzibati fəaliyyətin daha səmərəli şəkildə həyata keçirilməsinə imkan verən geniş və müasir infrastruktura malikdir. Fakültədə hazırda 20 professor-müəllim, inzibati və texniki heyət üzvü fəaliyyət göstərir. Burada ümumilikdə 505 tələbə bakalavriat səviyyəsində 7 ixtisas - iqtisadiyyat, maliyyə, mühasibat uçotu, menecment, dövlət və bələdiyyə idarəetməsi, beynəlxalq ticarət və logistika, turizm işinin təşkili üzrə təhsil alır. Prezident İlham Əliyevin iştirakı ilə dekabrın 23-də açılış olan Biznes və iqtisadiyyat fakültəsinin yeni inşa olunmuş binasında 40 auditoriya, kompüter laboratoriyaları, kitabxana, oxu və akt zalları, iclas, inzibati və professor-müəllim otaqları mövcuddur. Müasir universitet konsepsiyasına uyğun dizayn edilərək inşa olunmuş binanın layihələndirilməsi və tikilməsində dayanıqlı inkişaf, inklüzivlik və resurslardan səmərəli istifadə prinsipləri nəzərə alınıb".

Dekan qeyd edib ki, yaradılmış şərait fakültənin elmi-pedaqoji potensialının gücləndirilməsinə, tələbələrin bilik və bacarıqlarının inkişafına, əmək bazarının sürətlə dəyişən tələblərinə uyğun iqtisadiyyat və biznes istiqamətli yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına, elmi-tədqiqat və innovativ fəaliyyətlərin genişləndirilməsinə imkan yaradacaq: “Biznes və iqtisadiyyat fakültəsinin yeni tədris binasının istifadəyə verilməsi universitetdə müasir kampusun formalaşdırılması istiqamətində atılan mühüm addımlardan biri olmaqla yanaşı, Qarabağda və Şərqi Zəngəzurda yüksəksəviyyəli ali təhsil ekosisteminin qurulmasına əhəmiyyətli töhfədir”.

Elgün Gəncimsoy Qarabağ Universiteti media-tur

Xəbər Lenti