Cümə, 26 Dekabr, 2025
Tarix: 25 Dec 2025 21:45
Ermənistanın işğal siyasəti məqsədyönlü talançılıq, vandalizm və urbisid xarakterli olub.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım bildirib.
Deputat deyib ki, dekabrın 24-də Prezident İlham Əliyevin Ağdamda 2-ci yaşayış kompleksinin açılışı zamanı buraya köçən sakinlərlə görüşündə səsləndirdiyi fikirlər təkcə bir bölgənin deyil, bütövlükdə Azərbaycan xalqının 30 illik ağrısının, eyni zamanda ədalətin və dirçəlişin təntənəsinin ifadəsi idi: “Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti sıradan hərbi qarşıdurma deyil, məqsədyönlü talançılıq, vandalizm və urbisid xarakterli olub. Ermənistanın məqsədi bu bölgələrdə Azərbaycan xalqının tarixi-mədəni irsini tamamilə məhv etmək, minilliklər boyu formalaşmış izləri silmək və bu torpaqları gələcəkdə yaşayışın mümkün olmayacağı əraziyə çevirmək olub. 2020-ci ildən sonra işğaldan azad edilmiş ərazilərdə nümayiş etdirilən kadrlar, çəkilmiş videolar və faktlar bunu bütün dünyaya açıq şəkildə göstərdi. İşğal altında olan ərazilərdə mədəni irsimiz məhv edilmiş, məscidlərimiz təhqir olunmuş, müqəddəs ziyarətgahlarımız dağıdılmış, tariximizi yaşadan abidələr yerlə-yeksan edilmişdir. Bu vandalizm təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəri mədəni irsə qarşı törədilmiş ağır cinayətdir. Eyni zamanda Ermənistan işğal altında saxladığı ərazilərdə tikililəri sökərək az və ya çox dəyər daşıyan hər bir əmlakı talan etmiş, onu Ermənistana və digər ölkələrə daşımışdır. Azərbaycanın təbii sərvətləri, meşələrimiz, qızıl və digər faydalı qazıntı yataqlarımız, mineral mədənlərimiz amansızcasına istismar edilmiş, ekoloji fəlakət törədilmişdir. Bu talan təkcə bu günümüzə deyil, gələcək nəsillərin hüquqlarına qarşı da yönəlmiş cinayətdir. Qərb şirkətlərinin Azərbaycanın işğal altında olan ərazilərində fəaliyyəti, Azərbaycanın milli sərvətlərinin talanmasında iştirak etmələri, bu günə kimi onlara qarşı hər hansı tədbir görülməməsi də bir gerçəklikdir”.
Fatma Yıldırım qeyd edib ki, Ermənistanın ən ağır cinayətlərindən biri də bu ərazilərin kütləvi şəkildə minalanması olub: “Məqsəd müharibə bitdikdən sonra belə insanların öz doğma torpaqlarına qayıdışını əngəlləmək idi. Təəssüf ki, bu mina terroru nəticəsində işğaldan sonra da yüzlərlə vətəndaşımız həlak olmuş və ya ağır xəsarətlər almışdır. Bu faktlar beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır”.
Deputat bu gün Azərbaycan dövlətinin qurub-yaratdığını, tarix yazdığını vurğulayıb: “Ağdamda yeni yaşayış komplekslərinin açılması, insanların doğma yurdlarına qayıdışı, infrastrukturun bərpası dövlətimizin gücünün, siyasi iradəsinin və Prezident-Xalq birliyinin nəticəsidir. Azərbaycan öz torpaqlarında ədaləti, həyatı və gələcəyi bərpa edir. Ağdamın dirçəlişi isə bu ədalətin ən parlaq simvollarından biridir”.
Fatma Yıldırım Milli Məclisin Təbii ehtiyatlar energetika və ekologiya komitəsinin sədr müavini Ermənistan